Putinin "vurduğu" azərbaycanlı milyardçı iflasda: avtomobili əlindən alındı, suyu kəsildi, stadionu satılır

Putinin "vurduğu" azərbaycanlı milyardçı iflasda: avtomobili əlindən alındı, suyu kəsildi, stadionu satılır
Futbol
25 Oktyabr 2017 - 01:17
Supersport.Az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı iş adamı Telman İsmayılov maddi cəhətdən çıxılmaz vəziyyətə düşdüyündən bir sıra obyektləri satışa çıxarılıb.

Məsələ burasındadır ki, bu şəxs Sosial Güvənlik Qurumuna 101 milyon lirə (46 milyon manat) borcunu ödəyə bilmədiyindən ağır duruma düşüb.

2009-cu ildə Antalyanın Kundu bölgəsində Telman İsmayılov tərəfindən 1.5 milyard dollara inşa edilən və bir il sonra "dünyanın ən lüks oteli" seçilən "Mardan Palace" otelinə məxsus "Mardan" stadionunun 74 min 13 kvadratmetr ərazini əhatə edən idman kompleksi 51 milyon lirə (24 milyon manat), həmçinin 28 min 394 kvadratmetr idman qurğusunun yaxnlığındakı otel və torpaq sahəsi 50 milyon lirəyə (23 milyon manat) satışa çıxarılıb.

İdman kompleksində 4 tribunalı meydança, tək tribunalı meydança və 2 məşq yeri var.

Otelin satış işini 7 noyabrda Sosial Güvənlik Qurumu həyata keçirəcək.

Telman İsmayılovun oğlu Sərxanın 2 milyon (917 min manat) dəyərində lüks avtomobili əlindən alınıb.

T.İsmaılovun şirkətlərdən birinə 465 min lirə (213 min manat) borcu olduğu bildirilir.

Otelin 2 milyon lirə (917 min manat) borcu olduğundan Antalyada oktyabrın əvvəli su təchizatı dayandırılıb.

Telman İsmayılovun sahibi olduğu "AST 1989 Group"un, Türkiyədə ən mühüm turizm sərmayəsi olan "Mardan Palace" oteli 180 min kvadratmetr ərazidə yerləşir və tikintisi üçün 10 min kvadratmetr qızıl, 500 min kristal istifadə olunub.

Telman İsmayılovun borc batağlığında olmasının başlıca səbəbi Türkiyədə lüks otel inşa etdirməsi göstərilir. O, buna görə Rusiyanın keçmiş baş naziri və hazırkı prezidenti Vladimir Putin tərəfindən böyük zərbə almışdı. Putinin bir neçə il əvvəl İsmayılova aid Çerkizov bazarına basqın etdirərək, 2 milyard dollar dəyərində 6 min kontenyer malı əlindən aldığı bildirilir.

Məlumatı Türkiyə mətbuatı yayıb.

 

 

Digər xəbərlər