AFFA türk mütəxəssisi milliyə baş məşqçi gətirə bilər

AFFA türk mütəxəssisi milliyə baş məşqçi gətirə bilər
Futbol, Eksklüziv
09 Oktyabr 2017 - 16:35
Supersport.Az-ın məlumatına görə, AFFA rəhbərliyi dünya çempionatının seçmə mərhələsində çıxışını yekunlaşdıran milli komandanın baş məşqçisini dəyişməyi düşünür.

Yığmamız final raunduna vəsiqə qazanmağı qarşısına məqsəd qoysa da, qrupda 6 komanda sırasında 5-ci yerlə kifayətləndi. Bununla AFFA-nın "Niyə də yox?" nağılı bitdi.

Qurum, müqaviləsi dekabrın 3-də başa çatacaq xorvat mütəxəssis Robert Prosineçkiylə yolları ayırmaq niyyətindədir. Məşqçi də millidə qalmaq fikrində deyil. 2014-cü ildən yığmamızı çalışdıran xorvat məşqçiyə AFFA il ərzində ən azı 1.2 milyon avro ödəyib.

Əldə etdiyimiz məlumata görə, millinin baş məşqçi postuna əsas namizəd türk mütəxəssis Ərtoğrul Sağlamdır.

O, bir müddət əvvəl DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan - Çexiya matçını izləyənlər arasında olub. Azərbaycan yığmasını çalışdırmaq üçün AFFA-dan təklif aldığı bildirilən mütəxəssislə ilkin danışıqlar aparılıb. Millimizə baş məşqçi Ərtoğrul Sağlam təyin olunacağı təddirdə, vaxtilə "Kayserispor"da rəhbərliyi altında oynamış Rəşad Sadıqovun onun köməkçisi gətiriləcəyi bildirilir.

UEFA-Pro lisenziyalı Ərtoğrul Sağlam məşqçi karyerasına "Samsunspor"da başlayıb, 2005-2006 mövsümündə "Kayserispor"u, sonra "Beşiktaş", "Bursaspor" və "Eskişehirspor"u çalışdırıb. 15 iyun 2015-ci ildə bir daha Bursa klubunun başına keçən mütəxəssis 1,5 ildir heç bir komandada deyildi.

Sağlam, 2003-2004 sezonunda "Samsunspor"u 10, 2005-2006 mövsümündə "Kayserispor"u 65, 2007-2008 sezonunda "Beşiktaş"ı 51, 2008-2009 mövsümündə "Bursaspor"u 185, 2013-2014 sezonunda "Eskişehirspor"u 68 və bir daha 2014-2015 mövsümündə "Bursaspor"u 14 oyuna çıxarıb.

Mütəxəssis 2009-2010 sezonunda Bursa klubunu Superliqanın qalibi edib.

Sağlam bu ilin iyununda Superliqanın yeni klubu "Evkur Yeni Malatyaspor"la 2 illik müqavilə imzalayıb.

 

Digər xəbərlər