Cavid Qurbanov milli komandamızın üzvləri ilə görüşüb

Cavid Qurbanov milli komandamızın üzvləri ilə görüşüb
Digər, Voleybol
13 Sentyabr 2017 - 10:31
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov milli komandamızın üzvləri ilə görüşüb.

Federasiyadan Supersport.Az-a bildiriblər ki, AVF rəhbəri əvvəlcə təlim-məşq toplanışından qayıdan komandanın hazırkı durumu ilə maraqlanıb.

Azərbaycanın sentyabrın 22-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatına yüksək səviyyədə hazırlaşdığını vurğulayan C.Qurbanov komandamızın mükafatçılar sırasında yer alacağına əminliyini bildirib.

Federasiya rəhbəri deyib ki, təcrübəli baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə komanda mükafatçılar sırasında yer almaq gücündədir: “Avropa çempionatına ev sahibliyi etmək Azərbaycanın növbəti böyük uğurudur. Çalışırıq ki, bu mötəbər yarışı yüksək səviyyədə təşkil edək. Amma əsas yük sizin üzərinizdədir. Yaxşı nəticə qazanmağa çalışmaq lazımdır. Yığmamız mükafatçılar sırasında yer almağa qadirdir. Komandada Faiq Qarayev kimi böyük mütəxəssis olduğundan bunu bacaracağınıza inanıram”.

AVF-in vitse-prezidenti və yığmanın baş məşqçisi Faiq Qarayev komandanın hazırkı durumundan danışıb. Maribordakı hazırlıq prosesinin və yoxlama oyunlarının milli komandanın voleybolçuları üçün faydalı olduğunu vurğulayan Faiq Qarayev deyib: “Sloveniyada uzun müddət təlim-məşq toplanışı keçdik. Komandamızda bəzi zədəli oyunçular var idi. Onların formaya düşməsi üçün xüsusi proqram tərtib etdik. Azərbaycanın Avropa çempionatına ev sahibliyi etməsi bizim üçün böyük məsuliyyətdir. Qarşıda komandamızı yoxlama matçları gözləyir. Milli komandamızın yaxşı nəticə əldə etməsi üçün var gücümüzlə çalışacağıq”.

Qadınlar arasında voleybol üzrə Avropa çempionatı Azərbaycanda və Gürcüstanda təşkil olunacaq. Millimiz Polşa, Almaniya və Macarıstan yığmaları ilə birlikdə “A” qrupunda yer alıb.

 




 

 

Digər xəbərlər