5 boksçumuz lisenziya qazanıb

5 boksçumuz lisenziya qazanıb
Digər, Boks
21 İyun 2017 - 13:44
Ukraynanın Xarkov şəhərində boksçuların Avropa çempionatında 1/8 final başa çatıb.

Supersport.Az-ın məlumatına görə, bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb.

Millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev (56 kq) çıxıb. O, Antoni Ceyms Uolkerlə (İrlandiya) üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Olimpiya mükafatçımız Emmet Brennanla (İrlandiya) döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev də Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. 91 kq-da boksçumuz 1/4 finala gedən yolda Şott Antoni Forresti (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü Çeavan Klarka (İngiltərə) qarşı keçirəcək.

1/8 finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Beləliklə, yığmamızın 5 üzvü mübarizəni sabah baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar həmçinin dünya çempionatında iştirak hüquqa da yiyələniblər.

Qeyd edək ki, Şahsuvarlı və Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular. Onlar 1/4 finalda müvafiq olaraq, Mateuş Polski (Polşa), Yevgeni Barabanov (Ukrayna) və Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcəklər.

Digər xəbərlər