Prezident İlham Əliyev: "Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartlar tətbiq etdik"

Prezident İlham Əliyev: "Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartlar tətbiq etdik"
İslamiada-2017, Digər
23 May 2017 - 22:21



"Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar.

Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır".

Supersport.Az-ın prezidentin saytına istinadən məlumatına görə, prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır.


Digər xəbərlər