Mehriban Əliyeva: "Allah bütün müsəlmanları qorusun"

Mehriban Əliyeva: "Allah bütün müsəlmanları qorusun"
İslamiada-2017
22 May 2017 - 23:06
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın birinci vitse-prezidenti, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunların bağlanış mərasimində çıxış edib.

IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edərək, təşəkkürünü bildirən Mehriban Əliyeva deyib:

"İslam Oyunları müstəqil Azərbaycanın yeni beynəlxalq qələbəsidir. Ölkəmiz daha bir möhtəşəm uğura imza atdı. Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı. Ümidvaram ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılacaqlar".

Azərbaycan komandasının ümumilikdə 162, bundan 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutmasının xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva, idmançılarımızın fədakarlığı, ustalığını xüsusi qeyd edib və bunu gələcək nəslə ən parlaq nümunə göstərib.

"Bakıda hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Allah bütün müsəlmanları qorusun. Çox fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq".

Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu söyləyən Mehriban Əliyeva, onları İslamiadanın geniş qəlbi adlandırıb və gördükləri işlərə görə minnətdarlıq edib.

"Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq" - deyən Təşkilat Komitəsinin sədri, IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib.

 

Digər xəbərlər