Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı

Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
İslamiada-2017, Digər
15 May 2017 - 11:35


Supersport.Az xəbər verir ki, İslam Həmrəyliyi Oyunlarının ikinci yarış gününə uğursuz başlayan Türkiyə üzgüçüləri sonradan üstünlüyü ələ alıb, Azərbaycan təmsilçisi Maksim Şemberev isə bu növdə komandamıza ilk qızıl medalı qazandırıb.

İki yarış günündən sonra, 10-u qızıl olmaqla, ümumilikdə 18 medal qazanan Türkiyə komandası İslam Həmrəyliyi Oyunlarında medal sayına görə yalnız Azərbaycandan geri qalırdı. Bu geriliyi aradan qaldırmaqda isə türklərin çox güclü olduqları üzgüçülük yarışları həlledici rol oynaya bilərdi.

Lakin Bakı Su İdmanı Mərkəzində qeydə alınan nəticələr heç də gözlənildiyi kimi deyildi. Erge Can Gezmiş və Doğa Çəlik kişilərin 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında İordaniya idmançısı Xader Qetriç Baqlahla bacarmayıblar. Yeri gəlmişkən, Baqlah 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarını da qələbə ilə yekunlaşdıraraq “Bakı-2017”də komandasına ikinci qızıl medalı qazandırmaqla ölkəsinin qəhrəmanına çevrilib.

2005 və 2013-cü il İslam Həmrəyliyi Oyunlarında aktivində ümumilikdə cəmi 3 medal olan İordaniya komandası Bakı yarışlarında, 3-ü qızıl olmaqla, 4 medalla Əlcəzair, Özbəkistan, Misir kimi ölkələrin idmançılarını qabaqlamaqla iki yarış günündən sonra 6-cı pillədədir.

Kişilərin 200 metr məsafəyə arxasıüstə üzmə yarışlarında da çempionluğu qaçıran Türkiyə kollektivinin düşərgəsində vəziyyət daha da gərginləşib. Bunun səbəbi isə Alpkan Örnəkin İndoneziya üzgüçüsü Qaqarin Nathaniyelə məğlub olması idi. Bu, indoneziyalı idmançının ilk qızıl medalı olub.

Türkiyə komandasında canlanma yalnız Metin Aydının Oyunların qalibi adını qazanmasından sonra müsbət istiqamətə dəyişib. Aydının 11 saniyə fərqlə üstünlük əldə etməsi növbəti üç yarışa da təsirini göstərib. Qadınların 100 metr məsafəyə arxasıüstə üzmə yarışında Yekaterina Avramova komanda yoldaşı Həlimə Zülal Zerəni, kişilərin 100 metr məsafəyə batterflyay üsulla üzmə yarışında isə Kaan Türkər Ayar həmvətəni Ümit Can Guresi qabaqlayıb.


Qadınların batterflyay üsulu ilə 50 m məsafəyə üzmə yarışı da Türkiyə idmançısının qələbəsi ilə başa çatıb – Aleyna Özkan finişə hamıdan tez çatıb.
Azərbaycan üzgüçüləri üçün də ikinci yarış günü yaddaqalan olub. Kişilərin 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında yığma komandamızın üzvü Maksim Şemberev qalib gəlib – bu, Azərbaycanın üzgüçülük üzrə ilk qızıl medalıdır.

Qadın üzgüçülərin 200 metr məsafəyə sərbəst üsulla estafet yarışı Türkiyə idmançılarının üstünlüyü ilə yekunlaşıb – onlar İndoneziya və Pakistan üzgüçülərini irəli buraxmayıblar.

Hələlik Türkiyə komandası 21 medalla birinci yerdədir – medalların 10-u qızıl, 7-i gümüş, 4-ü isə bürüncdür.

 

Digər xəbərlər