Atletlər kəndində Azərbaycanın dövlət bayrağı qaldırılıb

Atletlər kəndində Azərbaycanın dövlət bayrağı qaldırılıb
İslamiada-2017, Digər
12 May 2017 - 00:02
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Atletlər kəndində Azərbaycanın dövlət bayrağının qaldırılması və idmançıların salamlama mərasimi təşkil olunub.

Supersport.Az xəbər verir ki, Azərbaycan Respublikasının bayrağı dövlət himninin müşayiəti ilə qaldırılıb.

Atletlər kəndində idmançıları salamlamaqdan məmnunluğunu vurğulayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov atletləri idman tarixinin bir parçasına çevrildikləri üçün təbrik edərək deyib: “İslam ölkələrinin güclü idmançılarını salamlamaqdan çox məmnunam. Əllidən artıq ölkədən üç minədək idmançı IV İslam Həmrəyliyi Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək”.

İdmançılara qarşıdakı yarışlarda uğurlar arzulayan IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib: “Adından da göründüyü kimi, Bakı “Küləklər şəhəri”dir. Buna baxmayaraq, paytaxtımız öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və gülərüzlüyü ilə sizin xatirənizdə xoş izlər buraxacaq”. (Azərtac)

Digər xəbərlər