37 gün, 15 bölgə, 3000 km...

37 gün, 15 bölgə, 3000 km...
İslamiada-2017, Digər
06 May 2017 - 22:28
Supersport.Az-ın məlumatına görə, Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu son ünvanı olan Sumqayıta dünən yetişib.

Azərbaycanın 15 bölgəsində baş tutan bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 5-də "Xəzərdən Başlayan Səyahət"ə start verdi. İndi isə marşrutun sonuncu ünvanına qədəm qoyan Səyahət, yenidən dünyanın quru ilə əhatə olunan ən böyük su hövzəsinə – Xəzər dənizinə qayıtdı. Bu əlamətdar günlə əlaqədar dünən səhər Xəzər dənizi ətrafında tədbir keçirildi.

Su mərasimi, futbol həvəskarı Səlim İmranlı, Prezident təqaüdçüsü, əməkdar bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov və yunan-Roma güləşi üzrə gənclər arasında Avropa Çempionu, Dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev tərəfindən dənizdən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.

Daha sonra günorta saatlarında "Domestic Grassroots" proqramı çərçivəsində Sumqayıt İdman Olimpiya Kompleksində daha bir möhtəşəm layihə, "Sport joys – Regional idman tədbiri" həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının İdmançı Səfiri, ölkəmizin fəxri İlham Zəkiyev, Bakı 2017-nin Ulduz Səfirləri və "Bu Şəhərdə"nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Bakı 2017-nin Ulduz Səfirləri Hacı Nuran Hüseynov iştirakçılara rəngarəng anlar yaşatdı.

Mərasim axşam saatlarında Bayraq Meydanında keçirilən Su festivalı tədbiri ilə davam etdi.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Sumqayıt sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən yunan-Roma güləşi üzrə gənclər arasında Avropa Çempionu, Dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev deyib:

"Ölkəmizi təmsil edən hər bir idmançı bu vəzifənin məsuliyyətini hiss edir və əlbəttə ki, yarışlarda yalnız uğur qazanmağı düşünür, bunun üçün gərgin məşqlər edir. İstər idmançılar, istərsə də tamaşaçılar İslam Həmrəyliyi Oyunlarının dəyərlərini (birlik, hörmət, sülh və mükəməllik) yüksək qiymətləndirməli və digər müsəlman ölkələrindən ölkəmizə təşrif buyuracaq hər kəsə bu dəyərləri təbliğ etməlidir".

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahət artıq başa çataraq 12 may tarixində Bakıda keçiriləcək açılış mərasiminin bir hissəsi olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edən səyahət 15 bölgəni əhatə etdi.

Digər xəbərlər