"İslamiadada hədəfimiz qızıl medaldır”

"İslamiadada hədəfimiz qızıl medaldır”
İslamiada-2017, Digər, Boks
05 May 2017 - 16:11
Azərbaycan millisinin boksçusu Rüfət Hüseynov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb.

Supersport.Az-ın Boks Federasiyasının mətbuat xidmətində istinadən yaydığı xəbərə görə, 49 kq çəki dərəcəsində rinqə çıxacaq 20 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib:

“Toplanışın son mərhələsini keçirik. Qəbələdə fiziki məşqlərdən sonra hazırlığı Bakıda davam etdiririk. Son çalışmalar taktiki və texniki hazırlıq üzərində qurulub. Artıq özümün ideal formama yaxınlaşıram. Bir qədər fiziki çatışmazlığım vardı ki, onu da aradan qaldırmışam. Bu, Qəbələdəki məşqlərdən sonra mümkün oldu”.

2014-cü ildə Nankində təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hüseynov İslamiadada da eyni uğuru təkrarlamaq arzusundadır. O bildirib ki, bunu reallaşdırmaqla, öz çəkisində liderliyini də qoruyacaq:

“Bizim komandada hamının bir hədəfi var. Mən də onlar kimi qızıl medal arzusundayam. Düzdür, rəqiblərin kimliyi hələ dəqiqləşməyib. Çünki hazırda boks üzrə Asiya çempionatı da keçirilir. Həmin qitənin ölkələri bir komanda ilə Daşkənddə təmsil olunur. Onların digər boksçuları isə İslamiadaya gələcəklər. Ona görə də əsas rəqibimiz hesab olunan Asiya təmsilçilərinin Bakıya hansı heyətlə gələcəyini hələ bilmirik. Rəqiblərin kimliyindən asılı olmayaraq, çalışacam ki, İslam Həmrəyliyi Oyunlarında qalib gəlməklə, bu çəkidə bir nömrə kimi mövqeyimi qoruyum”.

Digər xəbərlər