AÇ-2017: güləşçilərimizdən daha 2 medal

AÇ-2017: güləşçilərimizdən daha 2 medal
Digər, Güləş
04 May 2017 - 23:27
Supersport.Az xəbər verir ki, Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Güləşçilərimiz ilk iki yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.

Üçüncü yarış günündə 55 və 75 kq qadın, 61 və 74 kq çəkidə isə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

55 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik Türkiyə və Almaniyadan olan rəqiblərini üstələsə də yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan təmsilçimizin rəqibi Serbiya idmançısı olub. 48 saniyə ərzində rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik çempionatın bürünc medalını qazanıb.

74 kq çəkidə yarışan Murad Süleymanov ardıcıl olaraq İspaniya, Fransa, yarımfinalda Rusiya idmançısına qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi təcrübəli Söner Demirtaş olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. İlk dəfə böyüklər yaş kateqoriyasında rəsmi yarışda iştirak edən güləşçimiz Murad Süleymanov gümüş medalla kifayətlənib.

Digər xəbərlər