Abdulbari Gözəl: "Qarabağın adını dünyada yaşatmalıyıq" - Video

Abdulbari Gözəl: "Qarabağın adını dünyada yaşatmalıyıq" - Video
Futbol
23 Aprel 2017 - 22:13
Premyer Liqanın 27-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan sonra Ağdam klubunun sahibi Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az-ın xəbərinə görə, o gündəmdə olan bir sıra məsələyə münasibət bildirib.

- Bu gün azarkeşlər çempionluq kubokunun Ağdama aparılması ilə bağlı şüarlar səsləndirdilər. Buna münasibətiniz?

- Mən bunu bir neçə dəfə müzakirə etmişəm. Biz “Qarabağ” üçün çalışırıq. Kubok burdan-ora, ordan-bura gəzə bilməz. Biz o zaman enerjimizi itirəcəyik. “Qarabağ” elə Ağdamdır, bunun fərqi yoxdur. Klub bütün qarabağlılarındır. Bu klub bütün qarabağlıları təmsil edir. Bizə bu gün Qarabağın adını dünyada yaşatmaq lazımdır.

- Komanda ardıcıl 4 ildir ki, çempion olur, amma Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmir. Necə düşünürsünüz, bu il bu istək reallaşa bilərmi?

- Biz hər dəfə Çempionlar Liqasının qapısını döyürük. Məqsədimiz də budur, bunun üçün çalışırıq. İndi bizim əsas hədəfimiz Avropada naliyyətlər qazanmaqdır. Bu da bir anda olmur, zaman lazımdır. Bilirsiniz ki, əvvəl vəziyyətimiz necə idi və indi hardan-hara gəldik.

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi üçün heyəti gücləndirməsi, transferlər etməsi lazımdır. Bu məsələdə komandaya dəstəyiniz tam olacaqmı?

- Bizdə Samuel Armenteros oynayırdı. İndi o, Niderland liqasında bombardirlər siyahısındadır. Yəni, hər transfer olunan futbolçu da komandaya uyğunlaşa bilmir. Bu, asan məsələ deyil. Transfer məsələlərinə Qurban müəllim baxır.

- Bəzi futbolçularınız etiraf edir ki, bu çempionluq ötən ilki çempionluqlardan daha çətin qazanıldı. Siz də bu fikirlə razısınızmı?

- Əlbəttə. Azərbaycan klubları inkişaf edir. “Qəbələ” ən böyük rəqibimiz idi. Belə rəqabət olması da bizə faydalıdır. Yoxsa, komanda da tənbəlləşər, bir şey edə bilməz.

Digər xəbərlər