“Forza" Rövnəq Abdullayevdən "Neftçi” rəhbərliyini dəyişməsini istədi

“Forza" Rövnəq Abdullayevdən "Neftçi” rəhbərliyini dəyişməsini istədi
Futbol
11 Aprel 2017 - 09:45
Forza Neftçi” fanklubu bəyanat yayıb. Supersport.Az xəbər verir ki, bəyanatda başda SOCAR rəhbərliyi olmaqla, “Neftçi”nin bütün sponsorlarına müraciət edilərək, klubun daha bacarıqlı insanlara həvalə edilməsi xahiş edilib. Bəyanatı olduğu kimi təqdim edirik:

 

“Başda çox hörmətli cənab Rövnəq Abdullayev və bütün Dövlət Neft Şirkəti rəhbərliyi, sizin də gördüyünüz kimi son üç ildə komandaya ayrılan iri miqdarda pullar və yaradılan şəraitin qarşılığı hər il üzləşdiyimiz fiaskodur. 2015-2017 illərində liqada biabırçı nəticələr, ardıcıl 2 il “Qarabağ”a kubok finalı məğlubiyyəti, bu il də yenə “Qarabağ”a yarımfinal məğlubiyyəti.

 

“Forza Neftçi” olaraq 2009-cu ildən bəri tam səkkiz ildir ki, azad azarkeş qrupu olaraq komandanın yanındayıq və durmadan böyüyürük. Bu klubun 3 il çempion olub Avropaya yol açmasını da görmüşük, “Əlincə”də “Qəbələ”dən 8 dənə topu da. Səfərlərə qəpik-qəpik pulumuzu yığıb, isti-soyuq demədən getmişik, yollarda saatlarla ac qalmışıq ki, “Neftçi”ni səfərlərdə tək qoymayaq.

 

Buraxdığınız milyonlara qarşılıq bu gün komanda 8 klubluq çempionatda 7-ci yerdədirsə, deməli, həqiqətən çox şey yolunda getmir. Bu günə qədər nə etmişiksə, “Neftçi”nin yaxşılığı üçün eləmişik, gözəl və günəşli günlərə qayıtmaq üçün etmişik. Xahiş edirik, komandaya qarşı olan nəzarətinizi artırıb, işi bacaranlarına həvalə edəsiniz”.

Digər xəbərlər