"Bakı-2017": komanda idman növləri üzrə yarışların püşkü atılıb

"Bakı-2017": komanda idman növləri üzrə yarışların püşkü atılıb
İslamiada-2017, Digər
07 Aprel 2017 - 11:51


Aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə yarışlarının püşkatma mərasimi keçirilib.

Supersport.Az xəbər verir ki, kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.

Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparacaq. Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışacaqlar. Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.

Voleybol üzrə qadınların yarışında beş komanda - Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.

Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar.

“Bakı-2017”nin su polosu yarışı kişi idmançılar arasında keçiriləcək. Yarışda beş komanda - İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və İndoneziya bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaq. Dairəvi sistem üzrə yarışın yekununda qalib və mükafatçılar müəyyən olunacaq.

Digər xəbərlər