İslamiadaya satılan biletlərin sayı açıqlandı - Video

İslamiadaya satılan biletlərin sayı açıqlandı - Video
İslamiada-2017, Eksklüziv, Video
23 Mart 2017 - 19:37
Supersport.Az-ın məlumatına görə, Dənizkənarı Milli Parkda IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 50 gün qalması münasibətilə tədbir təşkil edilib.

"Grassroots" proqramı çərçivəsində keçirilən tədbirdə "Bakı-2017"nin rəsmi tərəfdaş və dəstəkçiləri xüsusi stendlərlə təmsil olunublar. Paytaxt sakinləri və şəhərimizin qonaqları həmin stendlərə yaxınlaşaraq IV İslam Həmrəyliyi Oyunları barədə məlumat əldə edib, həmçinin xüsusi viktorinalara qatılaraq hədiyyələr qazanıblar.

"Bakı-2017"nin idmançı səfirləri güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, yarışın ulduz səfirləri Hacı Nuran Hüseynov, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov hamını yarışlara dəvət edib, idmançılarımıza azarkeşlik etməyə səsləyiblər. Tədbir paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.

İslamiadanın Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov yarışa hazırlığın plana uyğun olaraq getdiyini bildirib:

"Açılış və bağlanış mərasimləri də daxil olmaqla idman yarışları üçün 500 min bilet satışdadır. Hələ ki, 20 mindən artıq bilet satılıb və bu, sevindiricidir. Artıq idmançıları və nümayəndə heyətlərini qəbul edəcək Atletlər kəndi və yarışların təşkil olunacağı 16 idman obyekti tam hazır vəziyyətdədir. 55 ölkə "Bakı-2017"də iştirakını təsdiqləyib. Aprelin 5-dən "Xəzərdən başlayan su səyahəti" proqramına start veriləcək. Dağ Salnamə Muzeyindən başlayacaq marşrut Azərbaycanın 15 bölgəsini əhatə edəcək. İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik rəmzi olan su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur. Otuz yeddi gün ərzində 3 min kilometrdən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq və Azərbaycan ərazisində mövcud olan 15 su hövzəsini əhatə edəcək. Səyahət zamanı bu hövzələrdən toplanan su mayın 12-də "Bakı-2017"nin açılış mərasiminin bir hissəsi olacaq. Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq".

Sonra ölkəmizdə ilk dəfə 500 nəfərin iştirakı ilə kütləvi şəkildə idman hərəkətləri yerinə yetirilib.

Sonda lotereya qaliblərinə IV İslam Həmrəyliyi Oyunlarına biletlər təqdim olunub.

Qeyd edək ki, yarışa biletləri həm "Bakı-2017"nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də müxtəlif ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində 12 bilet satışı məntəqəsindən ("ASAN xidmət"in 5 məntəqəsi də daxil olmaqla), eləcə də Oyunların keçiriləcəyi 16 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.


 

Digər xəbərlər