Cəbrayıl Həsənov: "İslamiadada yalnız qızıl medal üçün mübarizə aparacağıq"

Cəbrayıl Həsənov: "İslamiadada yalnız qızıl medal üçün mübarizə aparacağıq"
İslamiada-2017, Digər, Eksklüziv, Güləş
22 Mart 2017 - 15:27
Supersport.Az "İslamiadanın ən yüksək səviyyədə təbliğatı" layihəsini davam etdirir.   

Bu məqsədlə müxtəlif idman növləri üzrə yığma komandalarımızın hazırlıq prosesindən videogörüntü, fotosessiya, həmçinin qurum rəsmilərindən, məşqçilərdən, idmançılardan müsahibələr təqdim edirik.


Supersport.Az-ın idmançılarımızla bağlı "İslamiadada ümidlərimiz" rublikasının növbəti qonağı

Azərbaycanın güləşinin tanınmış siması. Uğurları, insanı keyfiyyətləri ilə seçilən pəhləvan. Kasıb ailədə dünyaya gəlib. Buna baxmayaraq, çətinliklər sinə gərərək, ömrünü idmana bağlayıb. Avropa, dünya çempionatları, olimpiadada ölkəmizin layiqli təmsil olunması üçün varlığını sərf edib Cəbrayıl Həsənov. 

Azərbaycan prezidenti İlham Əliyev titullu pəhləvanı "Tərəqqi" medalı ilə mükafatlandırıb.  



Tanınmış pəhləvanın uğurları:

Olimpiya Oyunları 

Bürünc medal - 2016-cı il Rio de Janeyro 74 kq

Dünya çempionatı

Qızıl medal - yeniyetmələr , 2009-cu il, Ankara, 66 kq  

Bürünc medal - böyüklər, 2010, Moskva, 2011, İstanbul 

Avropa çempionatı 

Gümüş medal – 2009, Vilnüs 66 kq
Qızıl medal – 2010, Bakı, 2011, Dortmund 66 kq
Gümüş medal – 2014, Vantaa, 2016, Riqa 74 kq

Avropa Oyunları

Bürünc medal – 2015, Bakı 74 kq

Dünya Kuboku

Gümüş medal - 2012, Bakı 66 kq

Yay Universiadası

Gümüş medal - 2013, Kazan 74 kq.

Bir müddət əvvəl sərbəst güləş üzrə milli komandanın kapitanı seçilən tanınmış idmançıyla görüşdük.

Təcrübəli pəhləvan, söhbətə idmana gəlişindən başladı.

"Rayonda qalsaydım, çox irəli gedə bilməzdim"

"Astara rayonunda Suparıbağ kəndində anadan olmuşam. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. Ailədə 3 qardaş olmuşuq, ən kiçiyi də mən. İmkanımız o qədər də yaxşı olmayıb. Atam mənə çətinliklərdə dəstək olub, onun rolu danılmazdır. Uşaqlıdan həm futbolu, həm də güləşi sevirdim.

1997-ci ildə doğulduğum kəndin orta məktəbinə birinci sinifə getdim. Rayonda qalsaydım, çox irəli gedə bilməzdim. Buna görə də 2001-ci ildə Bakıya üz tutdum. Paytaxtda Respublika Olimpiya İdman Liseyinin 5-ci sinfinə qəbul olundum. Burada beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başladım və eyni zamanda təhsilini davam etdirdim. 2005-ci ildən yığma komandadayam və ölkəmizin adının ucalması üçün bütün gücümü sərf edirəm.

Astarada güləşə maraq böyükdür. Son 10 ildə bu idman növünə axın daha da artıb. Güləş ən populyar idman növlərindəndir. Rayonda mənə qarşı böyük sevgi var. Hər dəfə uğur qazananda çox sevinirlər".

"İdman adı gələndə Namiq Abdullayev yada düşür"

Milli komandanın kapitanı, olimpiya çempionu Namiq Abdullayevi əfsanəvi idmançı hesab edir:

"İdman adı gələndə olimpiya çempionumuz Namiq Abdullayev yadıma düşür və o, kumirim olub. Mənim üçün əfsanəvi, nümunəvi güləşçidir. Namiq Abdullayevin Sidney Olimpiadasında unudulmaz çıxışı yaddaşıma həkk olunub. Onun kimi idmançılarla fəxr edirəm".

"Bu zaman çox həyəcanlandım"

Təcrübəli güləşçi, ən yadda qalan qarşılaşmanın qitə yarışında olduğunu bildirdi:

"Ən yadda qalan görüşüm 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında olub. Finala vəsiqə qazanmağa az qalmış dedilər ki, prezident İlham Əliyev gəlib. Bu zaman çox həyəcanlandım, məsuliyyət daha da artdı. Finalda dünya çempionatında məğlub olduğum rusiyalı idmançıya qalib gəldim. Sevincimin həddi-hüdudu yox idi".

"Erməniləri həmişə məğlub etməliyik, uduzmaq olmaz"

Cəbrayıl Həsənov erməni idmançıların qənimidir. Azərbaycan güləşçisi ötən il Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edərək, lisenziyalı turnirin finalına çıxaraq Rio Olimpiadasına vəsiqəni təmin etmişdi.

"Erməni idmançılarla qarşılaşanda yalnız qələbəni düşünürəm və məsuliyyət ikiqat artır. Məqsədim erməniləri tam üstünlüklə məğlub etməkdir. Mən xalqım üçün mübarizə aparıb qələbə qazanıb hər kəsi sevindirmək istəyirəm" - deyə, ikiqat Avropa çempionu, iki dəfə dünya çempionatlarının, bir dəfə olimpiadanın bürünc mükafatçısı qeyd etdi.



"Bəziləri uğurlarımı qısqanclıqla qarşılayır"

27 yaşlı pəhləvan, son olimpiya oyunlarında daha yaxşı nəticə qazana bilməməsinin səbəbini açıqladı:

"Rio Olimpiadasında daha yaxşı nəticə qazana bilərdim. Finalda olmaq mənim haqqım idi. Ancaq hakimlərin ədalətsiz qərarları həlledici görüşə vəsiqə qazanmaq istəyimə mane oldu. Olimpiadanın bürünc mükafatı ilə vətənə dönəndə burada böyük coşquyla qarşılandım, özümü xoşbəxt hiss etdim. Bəziləri uğurlarımı qısqanclıqla qarşılaşyırlar. Həyatda məqsədim insanlara qarşı hörmətlə yanaşmaq, faydalı olmaq və mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etməkdir".



"Kapitan hər zaman qalib gəlməlidir"

Titullu idmançı istər nizam-intizamı, istərsə də inasani keyfiyyəti ilə seçilir. Məhz bu faktor Cəbrayıl Həsənovun kapitan seçilməsinə səbəb olub.

"Kapitan seçilməyim məsuliyyətimi daha da artırdı. Məndən əvvəl bu iş Xetaq Qazyumova həvalə olunmuşdu. O, tanınmış idmançı olub, iştirak etdiyi yarışların əksəriyyətində medal qazanıb. Hesab edirəm ki, kapitan hər zaman qalib gəlməlidir, məğlubiyyəti ağlına belə gətirməməlidir. Daha yaxşı nəticələr göstərmək üçün çox çalışmalıyam" - deyir, kapitan.

"Azərbaycan güləşinin dünyada xüsusi çəkisi var"

"Bu gün Azərbaycan güləşi dünyada xüsusi yerə, çəkiyə sahibdir. Mən deyərdim ki, planetin 3 ən güclü komandasından biriyik. Hazırda komandamız qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşır. Ağır çəkidə legionerə ehtiyac var" deyən təcrübəli güləşçi, əsas diqqətin İslamiadaya yönəldiyini diqqətə çatdırdı:

"İslamiadaya ölkəmizin ev sahibliyi etməsi bizə əlavə dəstəkdir. Yalnız qızıl medal üçün mübarizə aparacağıq. İslamiadada çempion olmağı çox istəyirəm. Komandamızın 1-ci yeri tutması üçün bütün varlığımızı sərf edəcəyik.

İlin əvvəlində Hindistanda keçirilən yarışda mübarizə apardım. "Mumbai" komandasında 5 görüşüm oldu və hər birində qələbə qazandım. Komandamız 3-cü yerə layiq görüldü. Belə yarışların olması bizi daha da sevindirir və təcrübəni artırır".

"Qarabağ", "Real Madrid" azarkeşi

Pəhləvan, güləşlə yanaşı futbolu da çox sevir və azarkeşlik etdiyi komandalar da var:

"Uşaqlıqdan ən çox bəyəndiyim komanda "Real Madrid", futbolçu isə Zidan olub. Ölkəmizdə "Qarabağ"ın azarkeşiyəm və Qara Qarayevin oyununu xüsusilə bəyənirəm".

Süleyman Kərimov

Bu layihə Supersport.Az-ın öz imkanları hesabına həyata keçirilir.

Digər xəbərlər