Firdovsi Umudov: "İslamiadanın ölkəmizdə təşkili böyük uğurdur"

Firdovsi Umudov: "İslamiadanın ölkəmizdə təşkili böyük uğurdur"
İslamiada-2017, Digər, Eksklüziv, Güləş
15 Mart 2017 - 03:47
"Kapitan gənclərə, idmançılara nümunədir"



Supersport.Az "İslamiadanın ən yüksək səviyyədə təbliğatı" layihəsini davam etdirir.   

Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının baş məşqçisi Firdovsi Umudov Supersport.Az-a eksklüziv açıqlama verib.

Mütəxəssis ilk olaraq millimizin Türkiyədəki yarışda çıxışını qiymətləndirib:

"Yaşar Doğu" beynəlxalq turnirində 5 idmançımız mübariz apardı. 3 medal qazandıq: 2 qızıl, 1 gümüş.

Bu yarış da dunya çempionatlarının, olimpiya mukafatçılarının iştirakı ilə keçirildi və gərginliyi ilə yadda qaldı.

İdmançılarımız özlərini yaxşı tərəfdən göstərdilər. Komandamız yenidən toplaşır. Fiziki hazırlığı Rusiyada keçirəcəyik. Təlim-məşq bitəndən sonra Bolqarıstanda beynəlxalq turnirə qatılacağıq. Mayın əvvəli isə pəhləvanlarımızı Avropa çempionatı gözləyir".

Baş məşqçi, yığma komandada hər çəkidə 2-3 idmançının hazırlaşdığını, turnirlərin nəticəsinə əsasən mayın ilk həftəsi İslamiada üçün millimizin heyətinin müəyyənləşəcəyini bildirib:

"İslamiadanın ölkəmizdə təşkil olunması böyük uğurdur. Mən gənc idmançı olarkən nə vaxtsa respublikamızda Avropa, dunya çempionatlarının keçirilməsini arzulayırdım. Şükürlər olsun ki, ölkəmiz mötəbər yarışların məkanına çevrilib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi hadisədir. Hər yerdə bizə bu yarışın yüksək səviyyədə təşkil edildiyi deyildikdə bununla fəxr edirik".

F.Umudov ağır çəkilərdə legionerlərə ehtiyac olduğunu qeyd edib:

"Vaxtilə Cəbrayıl Həsənovla Toğrul Əsgərovun da çəkisində legionerlər vardı. Onlar daha da həvəs, rəqabət yaratdılar".

Baş məşqçi, ikiqat Avropa çempionu, olimpiya mükafatçısı Cəbrayıl Həsənovun kapitan seçilməsində bir sıra məqamların rol oynadığını vurğulayıb:

"Cəbrayıl istər insani keyfiyyətlərinə görə, istərsə də nizam-intizamlı idmançı kimi seçilir. Onunla qurur duyuram. O, gənclərə, idmançılara nümunədir. Rioda qızıl medala layiq idi. Təəssüf ki, alınmadı, bürünc mükafat qazandı. İnanıram ki, Cəbrayıl Həsənov Tokioda qızıl medala sahib çıxacaq".

Qeyd edək ki, Rio-2016-da bürünc medal qazanan tanınmış pəhləvan, iki dəfə dünya çempionatının bürünc medalçısı, Avropanın ən güclülərinin yarışının ikiqat qalibi və iki dəfə finalçısı olub.

Süleyman Kərimov

 

Digər xəbərlər