AFFA, PFL futbolçuları məhv edir

AFFA, PFL futbolçuları məhv edir
Futbol, Eksklüziv, Araşdırma
14 Mart 2017 - 00:44
TAHİR SÜLEYMANOV: "BU, MONOPOLİSTLƏRƏ SƏRF ETMİR"

Azərbaycan futbolunun bəlalarını saymaqla qurtarmır. Bu sahədə əsas problemlərdən biri süni örtüklü meydançalardır. Beynəlxalq oyunlar keçirməkdən ötrü süni örtüklü stadionlar hər il sertifikat almalıdır. Azərbaycan Premyer Liqası üçün belə tələb yoxdur. Futbolumuza cavabdeh qurumlar - AFFA, PFL futbolçuları məhv edir. Həm uşaqlar, həm də peşəkarlar süni meydançaların acısını çəkir. Bu məsələyə bəzi klublar da ciddi yanaşmır.

Supersport.Az məlum problemlə bağlı bəzi mütəxəssislər, klub nümayəndələri və jurnalistlərə müraciət edib.

Yayda yandıran, qışda sürüşkən

AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov süni meydançaların böyük təhlükələr törətdiyini və ləğv olunmasının vacibliyini bildirib:

"Süni meydançalar böyük futbola yaramır, topla hərəkət etmək çətinləşir. Bir faktı bildirim ki, 66 illik tarixi olan Respublika stadionunun ilk ot örtüyünü vaxtıilə Lənkərandan gətirmişdilər. İndi isə rulet şəklində gətirilir, beton tökülür, meydança korlanır. İngiltərə, İtaliya, İspaniyada görmüsünüz ki, süni meydançada futbol oynasınlar? Süni meydançalar yayda "yandırır", qışda sürüşkən olur. Zədə aldıqda bərpa dövrü çox çətin keçir.
Vaxtilə təbii meydançalara üstünlük verilirdi, indi isə əksinədir. Kimlərsə süni meydançalardan böyük məbləğdə qazanc əldə edirlər. Süni örtük nə qədər təkmilləşdirilsə də, təbii meydançanın yerini vermir.
Süni meydançanı təbiiyə çevrimək üçün çox iş görülməlidir. "Spartak", İsmət Qayıbov adına, Bədən Tərbiyəsi Akdemiyasının stadonu da təbiidir. "Şəfa" stadonunu təbii örtükdən süniyə çeviriblər. Burda da çox sayda zədələr olur. FİFA və UEFA süni meydanlarda oynamağı qadağan edib. Bizdə gözləri dikilib üç idman qurğusuna - Olimpiya, Respublika və 8-ci km stadionuna. Əksər yerlərdə təbii meydança yoxdur. Vaxtilə Gəncə stadionunun ot örtüyü əla vəziyyətdə idi.

Əməkdar məşqçi Ağasəlim Mircavadov bu problemin təkcə ölkəmizdə olmadığını söyləyib:

"Mən deməzdim ki, bu zədələnmələr məhz buna görədir. SSRİ vaxtında da Lobanovski süni örtükdə zədələnmişdi. Bu təkcə bizim problem deyil. Bütün dünyada hər zaman belə olub və olacaq da. Bizdə təbii ot örtüyü olan stadionlarımız az olduğu üçün gələcəkdə də zədələnmələr baş verəcək".

"Neftçi"nin keçmiş vitse-prezidenti, futbol eksperti Tahir Süleymanov hesab edir ki, süni örtüklü meydançalar Azərbaycan futbolunun bəlasına çevrilib:

"Buna ilk növbədə şərait yaradanlar elə futbolun inkişafına cavabdehlərdir. Bir çox meydançaların istifadə müddəti bitməsilə yanaşı, süni örtük özü əvvəldən keyfiyyətsiz idi. İstifadə olunduqca daha da pisləşib və futbolçular üçün təhlükə mənbəyinə çevrilib. Qonşu Gürcüstanın güclülər dəstəsində süni örtüklərin ləğvi ilə bağlı düşünülürsə, bizdə hər hansı bir addımın atılması gözlənilmir. Çünki bu, futbolda olan monopolistlərə sərf etmir".

"Əksər ölkələrdə süni meydançalar ləğv olunur"

50 il futbol sahəsində həkim kimi çalışmış, "Neftçi", "Xəzər Lənkəran" və millidə fəaliyyət göstərmiş Boris Xetaqurov da süni meydançaların ciddi problem yaratdığını söyləyib:

"Süni örtük futbolçulara böyük zərbə vurur, çox sayda zədələr olur. Onların oynaqlarında zədələnmə, ayaq əzələlərində dartılma, yırtılma baş verir. Azərbaycanda futbolçular daha çox süni meydançalarda xəsarət alırlar. Belə örtüklərdə qaçış, tullanma, yıxılma zamanı zədə çox olur. "İnter", "Qarabağ" və başqa klubların futbolçuları süni meydançalardan əziyyət çəkirlər.
UEFA, Tibb Komitəsinə göstəriş verib ki, süni meydançanın hansı təsirlər göstərməsi ilə bağlı araşdırma aparsın və bu barədə statistik məlumat təqdim etsin. Əksər ölkələrdə süni meydançalar ləğv olunur. UEFA bunun üçün çalışır. Niderlandda bu baxımdan iş aparılır. Bir faktı bildirim ki, "Ayaks" klubunda həm peşəkar, həm də müxtəlif yaş qruplarındakı futbolçuların süni örtükdə məşqi qadağan olunub".

Rauf Əliyev: "Hər gün bütün komanda şikayətlənir"

"İnter"in aparıcı futbolçusu Rauf Əliyev süni meydançaların ləğv olunmasını istəyir.

"Təbii ot örtüklü meydançalar süni ilə müqayisədə fərqlidir. Süni yerdə sanki betonun üstündə futbol oynayırsan və zədələr çox olur. Futbol yarandığı gündən təbii meydançalarda oynanılmağa başlanılıb. Azərbaycanda həm maddi, həm də rahatçılıq üçün süni örtüyə üstünlük verilib. Bunun ziyanı çoxdur. FİFA, UEFA da futbolun təbii meydançalarda oynanılmasına çalışır. Çox istərdim ki, bizdə də belə olsun. Süni meydançanın fəsadından 6 ay futbolsuz qalmışam. Hər gün məşq edirik, bütün komandanın şikayəti, ağrıları var. 20 gün Antalyada təbii meydançada hazırlaşdıq, heç bir problem olmadı" – deyə, təcrübəli futbolçu bildirib.

"Yaxşı meydan keyfiyyətli futbolun yarısıdır"

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla bağlı UEFA-nın qadağası haqda danışıb:

"Təbii ki, yaxşı meydan keyfiyyətli futbolun yarısı deməkdir. Bir müddət əvvəl AZAL-ın süni örtüklü meydançasında futbolçumuzun uzun vaxta sıradan çıxmasını bu klub istəməzdi. Son illər paytaxt komandasının da çox sayda futbolçusu orada ciddi zədə alıb. UEFA beynəlxalq yarışlarda süni örtüyə icazə vermir. Ən qısa zamanda yəqin ki, bu problem aradan qalxar".

"İnter"in mətbuat katibi Səbuhi Məmmədovun fikrincə, təbii meydançalar daha yaxşı və təhlükəsizdir:

"İnter" də meydançasında təbii ortüyünün döşənməsini istəyir. Lakin hazırda bu məsələ açıq qalır. Amma günün reallığı budur ki, Azərbaycanda təbii ot örtüklü stadionların sayı daha çox olmalıdır”.

"Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bu haqda belə deyib:

"Biz ölkə futbolu üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Qəbələdəki bazamızda yerləşən 6 təbii örtüklü, 3 yüksək standartlara cavab verən süni örtüklü meydança bunu deməyə əsas verir. Ona görə biz həmişə açıq danışırıq: Yuksək səviyyəli futbol oynamaq və futbolçuların sağlamlığı üçün standartlara cavab verən meydançaların olmasının tərəfdarıyıq".

"Zirə"nin mətbuat katibi Elman Himayətoğlu bildirib ki, süni və təbii örtük arasında fərqin olması danılmazdır:

"Daha çox yumşaqlıq baxımından. Amma zədələr daha çox örtüyün süni və ya təbii olmasından yox, həmin örtüyün vəziyyətindən qaynaqlanır. Heç də bütün təbii meydançalar ideal deyil. İstifadəyə yararsız həm süni, həm də təbii örtüklü meydançalar var".

AZAL-ın mətbuat katibi Eldəniz Yusifovun sözlərinə görə, bu problem təkcə onlarda deyil, əksər klublarda var:

"Biz stadionumuzu bəlkə də digər bütün stadionlardan yaxşı qoruyuruq. Meydançaya hər gün nəzarət olunur. Aşağı yaş qruplarımız belə orda oynamır. Biz əgər stadiona yaxşı baxmasaq, uşaqları da orda oynadardıq. Aprel ayında stadionda yenidənqurma işləri başlayacaq və gələn mövsümdə təbi ot örtüyünə keçmək ehtimalımız var və bunun üzərində iş gedir".

"Təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov bu haqda bunları bildirib:

"Süni ot örtüyünə görə futbolçularımızın zədələnməsi düzgün yanaşma deyil. Onlar təbii ot örtüyündə oynasalar da xəsarət alacaqlar. Elə götürək Danini. Onun zədələnməsinə səbəb bizim meydança deyil. Futbolçu çox yüklənmışdı. Onun zədələnməyi normal idi. Həmin günü bizimlə deyil, başqa klubla da qarşılaşsaydı da bəlkə zədələnəcəkdi. Hər kəs AZAL-ı günahlandırır. Bütün stadionlar təbii ot örtüyünə malikdirlərmi? Bu problem tək bizdə deyil".

"Neftçi"nin mətbuat katibi Mehman Rəsulov qeyd edib ki, ən ideal variant ot örtüklərinin təbii olmasıdır:

"Amma dünya praktikasında süni örtüklərdən də geniş istifadə olunur. Stadionlar klublar tərəfindən mövsümün əvvəlində sifariş olunur. Əgər hər hansı stadion müvafiq qurum tərəfindən qəbul olunursa, bu zaman problem yoxdur".

"Süni təbiinin yerini verə bilməz"

Təcrübəli jurnalistlər də süni meydançaların fəsadlar yaratdığını, bunu futbolumuzun ziyanına işlədiyini düşünür.

Kamran Hacı (allsport.az-ın rəhbəri):

"Əgər bir şeyin adı sünidirsə, əlbəttə o, təbinin yerini heç vaxt verə bilməz. Süni mallar hər zaman fəsadlara yol açıb, onun keyfiyyət dərəcəsi aşağı olub. Sözsüz ki, belədə stadionlarda salınan süni örtüklərin də mənfi amilləri üzə çıxmalıdır. Yalançı qazonlarda futbolçuların əzələlərinin dartılma ehtimalı böyükdür. Bundan savayı, disk yırtıqları, dizlərində və aşıq-baldır oynaqlarında ciddi fəsadlar, deformasiyalar yarana bilir. Süni örtükdə futbol oynadıqdan sonra səhhətlərində müəyyən problemlərin yarandığını və zədələrin daha gec sağaldığını həkimlər də təsdiqləyirlər. Təbii yaşıl zəmi ilə müqayisədə, sünidə meydan bərk və ot sərt olur. Bu da sürüşmə və digər hallarda zədənin daha ciddiliyinə şərait yaradır".

"Buna görə futbolçular çempionatımızdan imtina ediblər"

Araz Əhmədov (sportfm.az-ın rəhbəri):

"Hazırda bütün klublar bundan əziyyət çəkir. Komandaların baş məşqçiləri, futbolçular dəfələrlə belə örtüklü meydançalardan şikayətləniblər. Ancaq təəssüflər olsun ki, reallıq budur. Məhz bu amilə görə bir çox futbolçu bizim çempionatda oynamaqdan imtina edib. Bu amil futbolumuzun ziyanına işləyir".

"Bundan tam imtina etmək mümkün deyil"

AFFA-nın əməkdaşı Mahal Məmmədov süni meydançadan tam imtina etməyin mümkünsüz olması qənaətindədir:

"Əlbəttə, futbolun təbiliyini, estetikasını, eləcə də insan sağlamlığı üçün yaratdığı fəsadları düşünərək, oyunların təbii örtüklü meydançalarda keçirilməsini arzulayardıq. Xeyli vaxtdır istər bu sahədə çalışan mütəxəssislər, istərsə də tibb personalı süni örtüyün insan orqanizmi üçün kifayət qədər zərərli olduğunu hayqırırlar. Necə ki, geni dəyişdirilmiş, süni üsullarla yaradılmış qida insan orqanizmini parçalayır, süni örtüklü meydançalar da üstünə ayaq basanlarda həmin prosesi həyata keçirir. Təcrübə də göstərir ki, süni örtükdə futbol oynayanların bel fəqərələrindən tutmuş dizlərində və aşıq-baldır oynaqlarında ciddi fəsadlar, deformasiyalar yarana bilir, dərilərində müxtəlif xəstəliklərin əlamətləri aşkarlanır. Üstəlik, həmin meydanlarda alınan zədələr çox gec sağalır. Belə vəziyyətdə isə sağlam gənc nəsil yetişdirmək, keyfiyyətli futbolçu "istehsal" etmək mümkünsüzdür.
Digər tərəfdən, bu gün süni meydançalardan istifadə edən klublarımız bunu ağ günlərindən etmirlər. Razılaşaq ki, süni örtüyü saxlamaq daha asan başa gəlir və uzun müddət istifadə edilir. Tutaq ki, "Qəbələ" klubunun təbii örtüklü meydançalara 1 il ərzində xərclədiyi vəsaitlə indi orta səviyyəli Premyer Liqa klubunu 1 mövsüm ərzində maliyyələşdirmək olar. Razıyam, insan sağlamlığı hər zaman ön planda olmalıdır. Amma əlini cibinə atan zaman çıxaracağın vəsait sözünə baxmırsa, başqa nə etməlisən? Bir də meydançaların yüklənmə saatına və istismar müddətinə diqqət yetirmək lazımdır. Elə klubumuz var ki, cəmi bir standart meydançası var və bütün komandaları - əsas, əvəzedici, aşağı yaş qruplarından ibarət heyətlər - həm orda məşq edir, həm də oyun keçirir. Nəticədə örtük mümkündən artıq yüklənir və istismar müddətini erkən başa vurur. Bu qədər məşq saatına 1-2 təbii ot örtüklü meydança dözməz. Ən azı 4-5 belə meydançan olmalıdır ki, növbəli şəkildə yüklənsin. Zaman-zaman təbii örtüyə qulluqla bağlı meydançalarımızda problemlər yaşanıb. Hətta ötən yay "Qarabağ" məcburiyyətdən "Dalğa Arena"ya yollanmalı oldu. Bu sahədə mütəxəssislərimizin yoxluğu da problem yaradan məqamlardandır.
Son illərdə dünyada süni örtüklü meydançaların sayı azalmaqdadır. Bu tendensiya Azərbaycanda da davam edir. Ötən il "Dalğa Arena" sünidən imtina etdi. Yəqin ki, yaxın gələcəkdə say bir qədər də azalacaq, ancaq bundan tam imtina etmək də mümkün deyil. Ən azı hava şəraitini (sərt qış aylarını, qarlı-şaxtalı, yağışlı günləri) nəzərə alıb, məhdud sayda olsa belə, süni örtüklü meydançalar saxlanılmalıdır və keyfiyyətinə diqqət yetirilməlidir".

Nurlan Cəfəri, Süleyman Kərimov

Digər xəbərlər