Azərbaycan yığması ikinci oldu - Foto

Azərbaycan yığması ikinci oldu - Foto
Digər, Cüdo
12 Mart 2017 - 20:19


Supersport.Az-ın məlumatına görə, Bakıda "Böyük Dəbilqə" beynəlxalq turnirinə yekun vurulub.

Yarışda 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparıb.

Turnirin son günü Azərbaycan millisi aktivinə daha 3 medal yazdırıb.

Yarışa dörddəbir final mərhələsindən başlayan Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kiloqram) israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov finala çıxıb. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə "Qızıl xalla" məğlub olaraq gümüş medalla kifayətlənib.

Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Mehdiyev ilk qarşılaşmasına səkkizdəbir final mərhələsində başlayıb. Cüdoçumuz rəqibləri iranlı Vahid Nuriyə, Gürcüstan təmsilçisi Uşanqi Marcianiyə, komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəlib. Finalda qazaxıstanlı rəqibi İslam Bozbayeva məğlub olan idmançımız turnirdə gümüş medal qazanıb.

Digər idmançımız E.Məmmədov (100 kq) yarışda ilk qarşılaşmada estoniyalı Qriqori Minaşkinə qalib gəlib. İdmançımız final gedən yolda növbəti rəqibi, komanda yoldaşı Elmar Qasımovla görüşdən məğlub ayrılıb. Bürünc medal uğrunda mübarizədə digər Azərbaycan təmsilçisi Zelim Kotsoyevdən üstün olan E.Məmmədov yığmamıza bürünc medal qazandırıb.

Qaliblərə mükafatları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, federasiyanın vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionu Nazim Hüseynov və Paralimpiya çempionu İlham Zəkiyev təqdim ediblər.

Qeyd edək ki, turnirin ilk iki yarış günündə Azərbaycan cüdoçularından Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanmışdılar.

Beləliklə, "Böyük Dəbilqə" turnirini millimiz 1 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə, yeddi medalla başa vuraraq komanda hesabında Niderlanddan sonra ikinci yeri tutub. Yaponiya təmsilçiləri isə üçüncü olub.

 

 

 

Digər xəbərlər