Fəridə Əzizova: "O anları yalnız yaşamaq lazımdır"

Fəridə Əzizova: "O anları yalnız yaşamaq lazımdır"
İslamiada-2017, Digər
24 Fevral 2017 - 20:04
Baku 2017 IV İslam Həmrəyliyi Oyunları “Grassroots Programı” çərçivəsində həyata keçirilən “Feel Closer” layihəsinə 24 fevral tarixində yekun vuruldu.

Supersport.Az xəbər verir ki, 20 Fevral tarixindən start götürən və 24 fevral tarixində bitən layihə İslam Oyunlarının idmançı səfirlərini Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universitetinin tələbələri ilə görüşdürdü.

Layihənin əsas məqsədi ictimaiyyətə “Grassroots Programı” haqqında məlumatın verilməsi, proqramın mahiyyətinin açıqlanması və idmançı səfirlərin tələbələrlə görüşünün təşkil edilməsi idi.

Görüşlər zamanı İdmançı Səfirlər tələbələrə öz uğur hekayələrini danışıb, onlarla maraqlı fikir mübadiləsi aparıb, müxtəlif suallara cavab veriblər. İdmançı səfirlər bu səpkili görüşlərin önəmindən söz açıb, onların tez-tez təşkil olacağını diqqətə çatdırıblar.

Son görüşün təşkil olunduğu ADA Universitetinin prorektoru Fariz İsmailzadə bu layihə haqqında öz fikrlərini bildirərək qeyd etdi ki, ADA Universitetinin tələbələri və müəllimləri qarşıdan gələn 4-cü İslam Həmrəyliyi Oyunlarını səbirsizliklə gözləyirlər.

Fariz İsmailzadə: “Müxtəlif dinlərə, millətlərə hər zaman böyük hörmət və diqqətlə yanaşan Azərbaycan multikultural dəyərləri ilə dünyanın bir çox ölkələrinə nümunədir. Ölkəmizdə 2015-ci ildə keçirilən ilk Avropa oyunları və bu il baş tutacaq IV İslam Həmrəyliyi oyunları bunun bariz numunəsidir.” Sonda Fariz İsmailzadə idmançı səfirlərə ADA universitetini seçdikləri və tələbələr ilə maraqlı fikir mübadiləsi apardıqları üçün onlara təşəkkür edib.

Futbolçu Səfir Ruslan Abışov isə görüşlə bağlı təəssuratlarını bölüşərkən bunları qeyd etdi: “Feel closer layihəsi yenilik idi və bu görüşlər bizim üçün istər səfir, istərsə də idmançı olaraq çox əhəmiyyətlidir. Əminəm ki, uğur qazanmağı bacaran hər bir insan, onun sirlərini də bölüşməkdən çəkinməməlidir.”

“Çempionluq necə bir hissdir?” sualına taekvondo üzrə çempion Fəridə Əzizova belə cavab verdi: “Azərbaycan bayrağını daim zirvələrdə görmək hər birimiz üçün qürurvericidir. Azərbaycan bayrağının müxtəlif ölkələrdə yüksəlməsinə səbəbkar olan idmançı olmaq isə nəinki qürurverici, eyni zamanda böyük şərəfdir. O anları sözlə ifadə etmək mümkün deyil. O anları yalnız yaşamaq lazımdır. Mən arzu edirəm ki, bayrağımız daim zirvələrdə dalğalansın.”

Digər xəbərlər