Qaliblərə velosiped hədiyyə olundu

Qaliblərə velosiped hədiyyə olundu
Digər, Velosiped
21 Fevral 2017 - 19:48
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), “Hədəf” Nəşrləri, “IB CLUB” Gənclərin İnkişaf Mərkəzi, “Velosport” mağazası və “Ladies on Bikes” həvəskar velosiped klubunun birgə layihəsi olan “Mənim velo-məqaləm” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən mükafatlandırma mərasimində AzVİF-in baş katibi Fərhad Əliyev, BŞGİBİ-nin rəisi Raqif Abbasov, müsabiqə iştirakçıları və jurnalistlər iştirak ediblər.

AzVİF-in baş katibi Fərhad Əliyev və BŞGİBİ-nin rəsi Raqif Abbasov çıxış edərək ölkəmizdə idmanın inkişafından danışıblar. Onlar müsabiqənin əhəmiyyətini vurğulayıblar. Natiqlər Azərbaycanda gənc nəslin idmana marağından söz açıblar və qalibləri təbrik ediblər.

Tədbirdə layihənin yazılarından ibarət kitabın təqdimat mərasimi də keçirilib.

Qeyd olunub ki, müsabiqəyə ümumilikdə 200-ə yaxın yazı təqdim edilib. Onların içərisindən ən yaxşı 30 məqalə seçilərək “Mənim velo-məqaləm” kitabına salınıb. Yazıların qiymətləndirilməsi “Hədəf” Nəşrlərinin müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən aparılıb.

Müsabiqənin yekununa əsasən, I, II və III yerləri tutan ən yaxşı yazı müəllifləri təşkilatçılar tərəfindən mükafatlandırılıblar. Qalibə isə milli velosiped brendimiz olan “İSMA BİKES” velosipedi hədiyyə olunub.

Bundan başqa, 10 yazı müəllifinə həvəsləndirici mükafat təqdim olunub.

Digər xəbərlər