Ağır atletika üzrə Azərbaycan birinciliyinin açılış mərasimi olub

Ağır atletika üzrə Azərbaycan birinciliyinin açılış mərasimi olub
Digər, Ağır Atletika
17 Fevral 2017 - 19:12
Fevralın 17-də Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Supersport.Az xəbər verir ki, açılış mərasimində gənclər və idman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov həm təşkilatçılıq, həm də perspektivlər barədə məlumat verib.

O, ağır atletlərimizin etimadı doğruldacağına inamını ifadə edib: “Azərbaycanda idmanın inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz dahi şəxsiyyətin bu gün də davam etdirilən uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan əsl idman ölkəsidir. Bunu həm turnirlərin nəticələri, həm də həmin yarışların yüksək səviyyəli təşkilatçılığı ilə dəfələrlə sübut etmişik. Təsadüfi deyil ki, hər il ölkəmizdə 50-yə yaxın Avropa və dünya səviyyəli, həmçinin digər beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunur. Bunu hər kəs görür. Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu barədə bir sözü həmişə diqqətimizdədir – “Ya yarış ən yüksək səviyyədə keçiriləcək, ya da keçirilməyəcəkdir”. Biz də bu tələbi özümüzə şüar kimi qəbul edir, bundan irəli gələn işləri həyata keçiririk”.

Nazir müavini bildirib ki, yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi də təşkilatçılıq baxımından ən yüksək səviyyədədir. “Əminəm ki, biz bu gün yarışda gələcəkdə böyük uğurlar əldə edəcək, perspektivli idmançıları izləyəcək, onların çıxışlarını alqışlayacağıq. Azərbaycan Ağır Atletika Federasiyası bu idman növünün inkişafı üçün bütün lazımi işləri görür. Kütləvilik əldə olunub, nəticələr də vaxt keçdikcə gəlməkdədir. Bu yarışın da keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir. İnanıram ki, bu ənənəvi birincilik də gənc və yeniyetmə atletlərimizin inkişafına təkan olacaq”, - deyə nazir müavini qeyd edib.

Daha sonra İsmayıl İsmayılov yarışları açıq elan edib.

Azərbaycanın dövlət himni səsləndirilib və ardınca yarış davam etdirilib.

Fevralın 19-dək davam edəcək birincilikdə 150-yə yaxın atlet mübarizə aparır.

Digər xəbərlər