Fərid Mansurov: "Bütün dünya İslam ölkələrinin həmrəyliyini görəcək"

Fərid Mansurov: "Bütün dünya İslam ölkələrinin həmrəyliyini görəcək"
İslamiada-2017, Digər
09 Fevral 2017 - 14:09




Gənclər və idman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov "Bakı-2017" əməliyyat komitəsinin mətbuat xidmətinə müsahibə verib.

 Supersport.Az həmin müsahibə ilə sizi tanış edir:

 - Fərid, siz güləş üzrə olimpiya çempionusunuz. İdman yarışları bütün dünyada necə keçirilir artıq təcrübəniz var. Azərbaycanda keçirilən böyük turnirlərə münasibətiniz necədir?

- Əvvəl idmançı kimi, hazırda isə rəsmi əməkdaş kimi idman sahəsindəyəm. Çox ölkədə olmuşuq və çox idman yarışları görmüşük. Azərbaycan da həmçinin istənilən layihəni həyata keçirməyə hazırdır.
Buna misal olaraq U 17, Şahmat olimpiadası, Avropa Oyunları, Formula1, artıq bu kimi yarışların möhürü qoyulub. Avropa Oyunlarında biz dünyaya öz mədəniyyətimizi, bacarığımızı, musiqimizi, idman mədəniyyətimizi göstərdik. Bütün bunlar ölkə adına uğurdur.

- Siz əksər ölkələrdə, şəhərlərdə, yarışda olmusunuz. Onların daha çox nə çatışmazlıqları var idi və yaxud əksinə, nələri bəyənirdiniz?

- Düzünü desəm, biz yarışlarda olanda elə olurdu ki, yarışa gedirdik, öz məşqçilərimizdən başqa heç kəs bizimlə maraqlanmırdı. Bizdə isə əksinədir, biz qonaqpərvər ölkəyik. Bizdə qonağa, turistə, idmançıya, həkimə, ümumiyyətlə digər ölkədən gələn qonağa hörmət və diqqət başqadır.

- Artıq 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməyinə az zaman qalıb. İdman mütəxəssisi kimi nə düşünürsünüz, bu idman yarışı necə olacaq?

- İstənilən şəkildə təbii ki, yüksək səviyyədə keçiriləcək. Bununla Əməliyyat Komitəsi məşğul olur. Həm Gənclər və İdman Nazirliyi, həm federasiya və idman qurumları, artıq İslam Oyunlarına hazırlaşır.
Bildiyiniz kimi yarışlar 20 idman və görmə qabiliyyəti olmayanlar üçün cüdo və iki paraatletika idman növü daxil olmaqla 23 idman növü üzrə keçiriləcək. Oyunlarda 16 yarış məkanı olacaq. Ən əsası, 279 medal dəsti uğrunda mübarizə aparılacaq.
İslam Oyunlarında İslam ölkələri iştirak edəcək, indi isə bütün dunya İslam ölkələrinin həmrəyliyini görəcək.
Bu amil çox önəmlidir, istər jurnalisti, istərsə də idmançısı - hər birimiz öz ölkəmiz adına çalışırıq.

- Güləşlə məşğul olmusunuz. Sizcə İslam Oyunlarında güləşin aqibəti necə olacaq? Nəticə ürəkaçan olacaqmı?

- Güləş tarixi idman növüdür, qədim adət - ənənəmizi əks etdirir. Güləşçilərimizin də nəticələri göz qabağındadır. Düzdür, daha yaxşı onların baş məşqçisi deyə bilər. Amma yenə də düşünürəm ki, yaxşı nəticələr  olacaq.



Digər xəbərlər