IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri arasında keçirilən sorğuda min nəfər iştirak edib

IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri arasında keçirilən sorğuda min nəfər iştirak edib
İslamiada-2017, Digər
25 Yanvar 2017 - 17:38
Bu il mayın 12-22-də Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının nəzdində fəaliyyət göstərən “Könüllülər proqramı”na müraciət etmiş namizədlər arasında bu proqramın imkanlarını müəyyənləşdirmək məqsədilə sorğu keçirilib.

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsindən (AİHOƏK) Supersport.Az-a bildiriblər ki, min nəfər arasında keçirilən sorğunun əsas məqsədi onları “Bakı-2017” “Könüllülük proqramı”na müraciət etməyə ilhamlandıran səbəbləri, həmçinin layihədən gözləntilərini öyrənmək olub.

Sorğu nəticəsində müəyyənləşib ki, Oyunların bir parçasına çevrilmək arzusunda olan könüllülərin 24 faizi bundan əvvəl birinci Avropa Oyunlarında fəaliyyət göstərənlərdir. Namizədlərin 76 faizi isə ilk dəfə olaraq könüllü qismində özlərini beynəlxalq səviyyəli idman yarışında sınayacaqlar ki, bu da onların gələcək həyatlarında parlaq səhifə olacaq.

Respondentlər IV İslam Həmrəyliyi Oyunları “Könüllülük proqramı”nın gənclərdə ən çox nə üçün maraq oyatması ilə bağlı suala cavablarında biliklərinin artırılması, iş həyatına müsbət töhfə verilməsi, onların özünəinamının artması olduğunu, ən əsası isə tarixi idman yarışlarının bir hissəsinə çevrilmək istədiklərini bildiriblər.

Sorğu zamanı iştirakçılara verilən digər suallardan biri isə oyunlardan gözləntiləri ilə bağlı olub ki, gənclərin 58 faizi bu suala cavablarında təcrübəni qeyd ediblər. Bununla yanaşı, yeni dostlar qazanmaq, ölkəmizə təşrif buyuracaq müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmaq imkanları, təcrübə qazanmaq, yeni biliklər əldə etmək kimi məqamlar da sorğu əsnasında xüsusi vurğulanıb.

“Bakı-2017”nin ötən il oktyabrın 17-də start verilən “Könüllülük proqramı”na qeydiyyatdan keçmiş namizədlər noyabrdan etibarən gündəlik olaraq müsahibələrə dəvət edilirlər. Fevraladək davam edəcək seçim mərhələsinin sonunda 6 min könüllü bu tarixi idman bayramının bir hissəsi olmaq fürsətini qazanaraq, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək.

“Könüllülük proqramı” ilə bağlı son yenilikləri “Bakı-2017” könüllülərinin “Facebook” səhifəsindən izləmək mümkündür.

İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan “Bakı-2017” gələn il mayın 12-22-də Bakıda keçiriləcək. Müsəlman ölkələrini təmsil edən idmançılar on gün ərzində öz ölkələrini idmanın 20 növü (24 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda mübarizə aparacaqlar.

Bakının bu mötəbər idman yarışına ev sahibliyi etməsi ilə bağlı qərar İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) 2013-cü ilin iyulunda Ciddədə keçirilən Baş Assambleyasında qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Sərəncama əsasən, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin olunub. AİHOƏK Oyunları İHİF ilə əməkdaşlıq şəraitində təşkil edəcək.

Digər xəbərlər