Araz Abdullayev "Qəbələ"yə qələbə qazandırdı

Araz Abdullayev "Qəbələ"yə qələbə qazandırdı
Futbol
25 Yanvar 2017 - 00:39
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" sonuncu yoxlama oyununda Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşıb.

Roman Qriqorçuk qonşu ölkədəki dördüncü – sonuncu yoxlama oyununda aşağıdakı start "11-liyinə şans verib:

Dmitri Bezotosnı, Rikardinyo, Vitali Vernidub, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov (k), Asif Məmmədov, Filip Ozobiç, Ruslan Qurbanov, Sergey Zenyov.

Maraqlı mübarizə şəraitində keçən oyunda hesab ilk hissədə açılıb. Qarşılaşmanın 38-ci dəqiqəsində Filip Ozobiç makedoniyalıları məyus edib. Gözəl zərbə ilə fərqlənən xorvatiyalı yarımmüdafiəçi "Qəbələ"nin toplanışı çərçivəsində ikinci dəfə qol sevinci yaşayıb. Bu, matçın ilk 45 dəqiqəsində yeganə qol olub.

Görüşün fasiləsindən sonra meydana fərqli "11-lik" çıxıb:

David Pietrzkieviç, Roman Hüseynov, Cavid Hüseynov, Araz Abdullayev, Teo Uiks, Ramazan İsayev, Murad Musayev, Hacıağa Hacıyev, Qismət Alıyev, Baqali Dabo, Voislav Stankoviç.

İkinci hissədə də fəallıq nümayiş etdirən "Qəbələ" "Şkendiya"nın qapısından daha bir qol keçirməyi bacarıb. Oyunun 77-ci dəqiqəsində Araz Abdullayev fərqlənib. "Qırmızı-qaralar"ın yeni transferi komandasında ilk qolunu vurub – 2:0. Makedoniya təmsilçisi isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 89-cu dəqiqədə Yuri Çolak fərqi minimuma endirib – 2:1.

Beləliklə, "Qəbələ" Antalya toplanışı çərçivəsində 2-ci qələbəsini qazanıb. Hazırlıq prosesini qələbə ilə başa vuran komanda bu oyunadək Rumıniyanın "Qaz Metan" klubuna 1:0 hesabı ilə qalib gəlib, Qazaxıstan "Ordabası"sı ilə qolsuz heç-heçə edib və Albaniya "Partizani"sinə 1:2 hesabı ilə uduzmuşdu.

Digər xəbərlər