Səbinə Əzimova ağır atletika üzrə beynəlxalq turnirin ilk qalibi olub

Səbinə Əzimova ağır atletika üzrə beynəlxalq turnirin ilk qalibi olub
Digər, Ağır Atletika
22 Dekabr 2016 - 00:01
Dekabrın 21-də Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir start götürüb.

Supersport.Az xəbər verir ki, sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilir. Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Körpücük üzərinə əvvəlcə 17 yaşadək qızlar çıxıblar. Bu qrupda medallar uğrunda maraqlı və gərgin mübarizə aparılıb. Türkiyəli, bolqarıstanlı və azərbaycanlı atletlərin mübarizəsində qalib adını Səbinə Əzimova qazanıb. Gümüş medala Bolqarıstan atleti Qalya Şatova, bürünc mükafata isə türkiyəli Qamze Yaylaya layiq görülüblər.

Yarışın hazırlanmasına və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir.

Bakıda və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının üzvlərinə turnirdə iştirak etmək hüququ verilib. Yarışda Azərbaycan ilə yanaşı, daha 12 ölkədən - ABŞ, Ukrayna, Moldova, Belarus, Rusiya, Türkiyə, İran, Bolqarıstan, İsrail, Gürcüstan, Tacikistan, Polşadan ağırlıqqaldıranlar çıxış edirlər.

Dekabrın 22-də yekun vurulacaq yarış 5 yaş qrupu və veteranlar arasında keçirilir.

Digər xəbərlər