Beynəlxalq Olimpiya Komitəsi (BOK) iki azərbaycanlı idmançı haqqında ağır qərar verib. Supersport.Az-ın qurumun saytına istinadən məlumatına görə, Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün 16 idmançının nəticələri ləğv edilib.
Onların arasında azərbaycanlı ağır atlet Nizami Paşayev və yunan-Roma güləşçisi Vitali Rəhimov da var. BOK-un qərarına əsasən hər iki idmançının dopinq testlərinin ikinci variantı da müsbət nəticə verdiyi üçün nəticələri keçərli sayılmayıb.
94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu. Vitali isə 60 kq çəki dərəcəsində gümüş medal qazanmışdı. O, həm medalı, həm də diplomunu təhvil verməlidir.
Qeyd edək ki, hər iki idmançı artıq karyeralarını başa vurublar.