GÜLƏŞÇİLƏRİMİZ KUBOK-ALROSA KUBOKU UĞRUNDA YARIŞACAQ

GÜLƏŞÇİLƏRİMİZ KUBOK-ALROSA KUBOKU UĞRUNDA YARIŞACAQ
Digər, Güləş
09 Noyabr 2016 - 17:34
12-13 noyabr 2016-cı il tarixdə Rusiyanın paytaxtı Moskvada güləş üzrə Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək. Supersport.Az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaq.

Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 17 güləşçi qoruyacaq.

Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaq. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızı Patimat Baqomedova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (58 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Sərbəst güləş yığmamız Moskvada məşqçilər Əsgərxan Novruzov və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Alimaqomed Alixmoyev (125 kq) yer alıb. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, İran, Türkiyə, Özbəkistan və MOİK komandaları yarışacaq.

Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə Mikayıl Rəhmanov (59 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (75 kq), Arif Niftullayev (85 kq), Soslan Fanziyev (98 kq) və Oyan Nəzəriani (130 kq) daxil edilib. Yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Özbəkistan və Moskva komandaları mübarizə aparacaq.

Proqrama əsasən, noyabrın 12-də ilkin görüşlər, 13-də isə final görüşləri keçiriləcək.

Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında baş tutacaq.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək.

Digər xəbərlər