UEFA PREZİDENTİ: "AZƏRBAYCAN ÇEMPİONLAR LİQASINA EV SAHİBLİYİ EDƏ BİLƏR"

UEFA PREZİDENTİ: "AZƏRBAYCAN ÇEMPİONLAR LİQASINA EV SAHİBLİYİ EDƏ BİLƏR"
Futbol
30 Sentyabr 2016 - 19:28
Azərbaycanda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksander Çeferin bu gün Qız qalasının qarşısında keçirdiyi brifinqdə belə deyib.

Supersport.Az-ın məlumatına görə, qurum rəhbəri futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının 13 şəhərdə təşkil olunmasının vacib olduğunu bildirib:

"Belə tədbirlər futbolun inkişafına müsbət təsir göstərir. Ümidvaram, belə təşəbbüslər Azərbaycanda uşaqların futbola cəlb olunmasına kömək edəcək və komandanız böyük turnirlərin final mərhələsində çıxış etmək hüququ qazanacaq".

"Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı hazırlanan loqo barədə fikirlərini bölüşən qitə futbolunun başçısı, deyib:

"Loqonu çox bəyəndim. Bu mötəbər turnirlə bağlı hazırlanan loqoların əsas ideyası millətlərin birliyidir".

A.Çeferin Azərbaycanda futbol infrastrukturu haqda danışıb:

"Cəmi bir gündür Azərbaycandayam. Ötən gün "8-ci km" stadionunda "Qəbələ" - "Maynts" oyunu izlədim. Bol qolların şahidi olduq. Bu məqamlar azarkeşlər tərəfindən çox bəyənilir. Bakı Olimpiya Stadionunu da görmüşəm və arena çox gözəldir".

UEFA prezidenti Azərbaycan paytaxtının gələcəkdə Çempionlar Liqası və ya Avropa Liqasının final matçına ev sahibliyi etmək şansını müsbət qiymətləndirib:

"Bununla əlaqədar təklif üçün UEFA-ya sifariş göndərmək lazımdır. Təbii ki, Azərbaycanın qalib olmaq şansı var. Sifariş kitabçasında ən yüksək yerdə olan şəhərlərə mötəbər turnirlərin final qarşılaşmalarının təşkilatçılığı həvalə edilir".

 

Digər xəbərlər