ROMAN QRİQORÇUK: "ÜMİD EDİRİK Kİ, "MAYNTS" SƏHVLƏR EDƏCƏK"

ROMAN QRİQORÇUK: "ÜMİD EDİRİK Kİ, "MAYNTS" SƏHVLƏR EDƏCƏK"
Futbol
28 Sentyabr 2016 - 20:55
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” - “Maynts” (Almaniya) oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib.

"Bu görüşdə Teo Uiks və Nika Kvekveskiri oynamayacaq. Bu itkiləri saymasaq, matça tam hazırıq. Qarşılaşmada şansımız olduğunu başa düşürük. Özümüzə inanıb, bu şansdan maksimum yararlanmağa çalışacağıq. Rafael Santos çox vacib oyunlarda da iştirak edib. O, bizim üçün vacib oyunçudur. Meydana çıxmayacaq Uiks və Kvekveskirinin mövqeyində Petar Franyiçə şans verməyimiz mümkünsüzdür. Çünki o, cinah futbolçusudur. “Maynts”ı qarşılaşdığımız digər rəqiblərlə müqayisə etməzdim. “Qəbələ” çox ciddi komandadır və istənilən rəqibə qarşı oyunda şansa malikdir. Bunun üçün ən yaxşı oyunumuzu göstərməliyik. Oyunçularımızın da hər biri bütün bacarığını ortaya qoymalıdır. Belə olsa, qələbə şansımız da yaranacaq. Almaniya klubuna gəlincə, “Maynts” çox güclü komandadır. Rəqibin bizimlə görüşdə heyətdə eksperimentlər edəcəyini düşünmürəm. Fikrimcə, “Maynts” ən güclü heyətlə oynayacaq. UEFA Avropa Liqası aparıcı çempionatların komandaları üçün də az maraq kəsb etmir. Məncə, “Borussiya”nın “Qəbələ” ilə hər iki oyununu xatırlatmaq kifayətdir. Almaniya təmsilçisinin üstün cəhəti fiziki gücə malik olması, həmçinin oyunçularının sürətli və cəld hərəkət etməsidir. Uzun ötürmələrdən yararlanan “Maynts”ın futbolçuları boş mövqelər də tapmağı bacarır. Sonadək də mübarizə aparan belə rəqiblə oynamaq çətindir. Ölkə çempionatda hücum, avrokuboklarda müdafiə futboluna üstünlük verdiyimizi düşünməyin. Həmişə hücum etmək istəyirik. Lakin Avropada rəqiblərimiz çox güclü olduğundan istədiyimiz tam alınmır. Buna baxmayaraq, “Anderlext” və “Maynts” kimi komandalarla matçlarda da öz oyun fəlsəfəmizdən dönmürük. Almaniyalıları təhlil edib, oyunlarında boşluqları aşkar etməyə çalışmışıq. “Maynts”ın həmin səhvləri buraxacağına ümid edirik”.

Digər xəbərlər