Mariya Stadnik: "Olimpiadada qızıl qazanıb, karyeramı bitirəcəyəm"

Mariya Stadnik: "Olimpiadada qızıl qazanıb, karyeramı bitirəcəyəm"
Olimpiya, Digər, Eksklüziv, Güləş
10 Sentyabr 2016 - 10:48
Supersport.Az-a açıqlamasında beşqat Avropa, bir dəfə dünya çempionu, olimpiadanın iki dəfə gümüş, bir dəfə bürünc mükafatçısı, güləş üzrə milli komandanın üzvü Mariya Stadnik belə deyib.

Tanınmış pəhləvan, ilk olaraq keçdiyi yola nəzərə salıb:

"Mən uşaqlıqdan "bayavoy", ərköyun, cəld idim. Lvovda seçim az idi, mən güləşi seçdim".

Xanım idmançı, yığma komandalarımzın gücləndiyini bildirib:

"Azərbaycan pəhləvanları ötən olimpiadalarla müqayisədə daha da gücləniblər. Rioda 3 qadın güləşçimizdən 2-si medal qazandı. Ukraynanın isə 5 təmsilçisindən hamısı mükafatsız qaldı. Ümumiyyətlə, güləş yığmamız birinci oldu. İnanıram ki, uğurlu çıxışı davam etdirəcəyik".

28 yaşlı güləşçi, karyerasını başa vurmaq niyyətində olmadığını vurğulayıb:

"Pekin Olimpiadasında bürünc qazanmışdım. London və Rio Oyunlarında qızıl medalın bir addımlığında büdrədim. 2012-ci ildə birinci yeri tutsaydım, karyerama başa vuracaqdım. Ancaq Allahın köməyilə özüməinam itmədi, mübarizəni davam etdirdim. Rioda daha həyəcanlı, qızıl qazanmağa çox yaxın idim, hesabda irəlidə olduğum halda son üç saniyədə məğlub oldum. Mən deyərdim ki, karyeramda ən böyük zərbəni aldım. Bununla belə həvəsdən düşməməyə çalışıram,məqsədim Tokio Olimpiadasında qızıl medal qazanıb, idmanla vidalaşmaqdır. Həmişə rəqiblərimə hörmətlə yanaşıram. Üçqat dünya çempionu, yapon Eri Tosakaya həm 2015-ci il dünya çempionatının, həm də Rio Olimpiadasının finalında uduzmuşam. Bu idmançıdan revanş almağı düşünürəm. Karyeramı başa vurduqdan sonra məşqçilik etmək istərdim".

Titullu idmançı, dövlət başçısı İlham Əliyevin əməyini qeyd edib:

"Prezidentlə görüşdə narahat idim, olimpiadada qızıl medal qazanmadığıma görə utanırdım. Çünki heç bir dövlət rəhbəri İlham Əliyev kimi idmana diqqət və qayğı göstərmir".

Qeyd edək ki, Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi 2007-ci ildən Azərbaycan yığmasında çıxış edir. Mariya Stadnik 2008-ci il Pekin Olimpiadasında bürünc, 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Oyunlarında gümüş medal qazanıb. Mariya Stadnik dünya çempionatlarında, 2009-cu ildə qızıl, 2011 və 2015-ci illərdə gümüş, 2014-cü ildə isə bürünc medal qazanıb. Mariya Stadnik həm də dəfələrlə Avropa çempionu olub (2008, 2009, 2011, 2014, 2016). Mariya Stadnik həmçinin 2015-ci ildə baş tutan I Avropa Oyunlarının qalibidir.

Tanınmış güləşçi 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu, 2015-ci ildə "Şöhrət" ordeni, 2016-cı ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, həm də Gənclər və İdman Nazirliyinin versiyasına görə 2008, 2009, 2011, 2012 və 2015-ci illərdə "İlin ən yaxşıları" mükafatına layiq görülüb.

Mariya Stadnik 2016-cı ildə Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran iki idmançıdan biri kimi tarixə düşüb.

Süleyman Kərimov

Digər xəbərlər