AZƏRBAYCAN PREMYER LİQASININ YENİ MƏNZƏRƏSİ 

AZƏRBAYCAN PREMYER LİQASININ YENİ MƏNZƏRƏSİ 
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
29 Avqust 2016 - 12:59
Azərbaycan futbol tarixində ilk dəfə milli çempionat cəmi 8 klubun iştirakıyla keçirilir. Əlbəttə, bu məqam ürəkaçıcı mənzərə deyil. İlk mövsümündə 26 klubun mübarizə apardığı yarışda indi cəmi 8 komandanın çıxış etməsi çempionatın cılızlaşmasının göstəricisidir. 2014-cü ilin yayından futbolumuzda başlayan böhran getdikcə daha da böyüdü və "Bakı", "Xəzər Lənkəran", "Simurq" və "Rəvan" sıradan çıxdı. Deyilənə görə, növbəti mövsümdən iştirakçıların sayı 12-yə çatdırılacaq. Artıq 1-ci divizionda çıxış edən bir neçə klubun indidən aşağı liqadakı mövqeyindən asılı olmayaraq, növbəti mövsüm premyer liqada oynayacağı deyilir.
Amma bunu zaman göstərəcək. Bizim üçün vacib olan bu gündür. Yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə səfərdə keçirəcəyi oyun ərəfəsində təlim-məşq toplanışına başlaması çempionatda fasilə yaranmasına səbəb olub. Hər halda, geridə qalan 3 tur klubların durumuna müəyyən qədər aydınlıq gətirməyə imkan verir. Gəlin, komandalarımızın vəziyyətini gözdən keçirək.

"QARABAĞ"

Çempion qaldığı yerdən davam edir. Ardıcıl 3-cü dəfə Avroliqanın qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda ilkə imza atan "köhlən atlar" ötən mövsüm olduğu kimi, bu mövsüm də zəngin heyətindən maksimum yararlanır. Baş məşqçi Qurban Qurbanov rotasiyalar etməyi sevir. Bununla həm mümkün zədələrin qarşısı alınır, həm avrokubok oyunlarında iştirak edən bəzi futbolçular dincəlmək şansı qazanır, həm də digər oyunçular praktika sarıdan əziyyət çəkmir. Düzdür, "Qarabağ" mövsümə heç də yaxşı başlamadı. Ancaq "İnter"ə uduzmaqda "Viktoriya" ilə məğlubiyyətə bərabər heç-heçənin gətirdiyi sarsıntının da rolu var idi. Tezliklə, toparlanan ağdamlılar sonrakı 2 turu problemsiz adladı. "Kimyaçılar"ı 2 cavabsız qolla məğlub edən Qurbanovun komandası ikinci heyətlə "Əlincə Arena"da "Neftçi"yə dərs keçdi – 3:0. "Qarabağ"ın heyətində ciddi dəyişikliklər olmayıb. Əksinə, komanda daha da güclənib. Çempion "Kəpəz"ə icarəyə verdiyi Namiq Ələsgərovu geri qaytarıb. Uzun illər "Qarabağ"ın formasını geymiş Vüqar Nadirov da "yuva"ya dönüb. Müdafiənin solunda Ansi Aqollinin əvəzləyicisi kimi transfer edilmiş Arif Daşdəmirov təcrübəli futbolçudur. Nəhayət, axtarılan hücumçu tapıldı. Söhbət Dino Nidlovudan gedir. Onun komandaya nə dərəcədə faydalı olacağını zaman göstərəcək. Son vaxtlar əcnəbi hücumçular "Qarabağ"ın oyun modelinə heç cür uyğunlaşa bilmir. Bu baxımdan İnnosent Emeqara istisna idi. Afrikalı forvard çəkisini qaydasına salıb, formaya düşsə və komandanın sistemiylə ayaqlaşsa, o zaman bu mövsüm Qurbanovun komandası həm çempionatda, həm də Avroliqada azarkeşlərini sevindirə bilər.

"QƏBƏLƏ"

Yaxın tarixədək ölkənin ən varlı 2 klubundan biri olan bölgə təmsilçisi 2016-cı ilin əvvəlindən büdcəsini xeyli azaldıb. Stadionun tutumunun artırılması layihəsinin, 15 yaşadək futbolçular arasında keçirilən "Qəbələ Kuboku"nun təxirə düşməsi səbəbsiz deyildi. Maddi sıxıntı heyətin yenilənməsini də qaçılmaz etdi. Yayda "qırmızı-qaralar"ı bir xeyli futbolçu tərk etdi. Xüsusən əsas heyət üzvlərindən Aleksey Qay, Dodo, Ermin Zets və Arif Daşdəmirovun gedişi gözlənilməz oldu. Ancaq klub menecerlərinə alqış düşür. Çünki edilən transferlər düz hədəfə dəydi. Nika Kvakveskiri nəyə qadir olduğunu ötən mövsüm "İnter"dəki parlaq çıxışıyla göstərmişdi. İlk dəfə Azərbaycana ayaq basan Filip Ozobiç, Baqali Dabo və Teo Uiks sanki uzun illər "Qəbələ"də oynayırmış kimi uyğunlaşma problemi yaşamadı. Avroliqanın 1-ci təsnifat mərhələsində Bakıda "Samtredia" darmadağın edildikdən sonra kapitan Rəşad Sadiqov "bu komanda ötən ilkindən daha güclüdür" deyəndə bir çoxları inanmamışdı. Ancaq indi görünür ki, "Qəbələ" hazırda daha baxımlı və hücumda olduqca aqressiv oynayır. Xüsusən standart vəziyyətlər Roman Qriqorçukun komandasının əsas üstünlüyüdür. Premyer liqanın ilk turunda "Kəpəz"ə 2:0 hesabıyla qalib gələn "qırmızı-qaralar" növbəti turda "İnter"lə qolsuz heç-heçəyə razılaşdı. "Maribor"la səfər oyunu ərəfəsində isə 3-cü tura təsadüf edən "Sumqayıt"la görüş təxirə salındı. Ötən mövsüm "Qəbələ" 2 cəbhədə eyni gücdə mübarizə apara bilmədiyindən çempionluq yarışından erkən uzaqlaşdı. Ancaq bu dəfə Qriqorçukun komandası daha təcrübəlidir. Baş məşqçi amilini və oyunçu potensialını nəzərə alsaq, "Qarabağ"ın titul savaşında ən böyük rəqibi "Qəbələ"dir.

"İNTER"

Ötən il bu klub az qala dağılacaqdı. Beynəlxalq Bankda baş vermiş maliyyə fırıldağı "İnter"ə çox pis təsir göstərdi. Nəticədə klub rəhbərliyində ciddi dəyişikliklər, islahatlar getdi. Ancaq yeni prezident Rəşad Qasımov klubu toparlaya bildi. Maliyyə siyasətində qənaətcil yol seçsə də, uğurlu transferlər fonunda komanda mövsümü 4-cü pillədə başa vurdu. "Bankirlər"in cari hədəfi ən azı gümüş medal qazanmağa hesablanıb. Ancaq necə deyərlər, iştah diş altındadır. Heyətini daha da gücləndirən "ağ-göylər" çempionluğa da oynaya bilər. "Qarabağ" və "Qəbələ"nin Avroliqanın qrup mərhələsinə yüksəlməsi "İnter"in işinə yaraya bilər. Zaur Svanadzenin komandası mümkün qədər qış fasiləsinədək liderliyi ələ keçirməlidir. Əks halda, mövsümün qalan yarısında bu hədəfə çatmaq çətin olacaq. “İnter” çempion ola bilərmi? Niyə də olmasın?! İlk turda evdə "Qarabağ"a qalib gələn "bankirlər" daha sonra "Qəbələ" və "Kəpəz"lə heç-heçə edib. Bu yay transfer bazarının ən fəal siması olan klubun əsas itkisi Nika Kvekveskiri oldu. Əvəzində Ruslan Abışov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov, Adrian Skarlatake və Tərlan Quliyev kimi özünü sübut etmiş futbolçular heyətə qatıldı. Bu komandanın müdafiə və hücum xəttində rəqabət daha güclüdür. "Bankirlər"in gənc yetirmələri Mirsahib Abbasov və Abbas Hüseynov gələcək vəd edən futbolçulardır.

"NEFTÇİ"

Hanı o əzəmətli, şanlı-şöhrətli "Neftçi"? Artıq 2 ildir ki, azarkeşlər, futbol ictimaiyyəti bu sualı verir. AFFA prezidenti Rövnəq Abdullayevin xeyir-duasıyla yaradılan Müşahidə Şurası hələ ki, uğur əldə edə bilməyib. Ötən mövsüm "İnter" və "Zirə"nin Avroliqaya buraxılmaması üzündən avrokuboka vəsiqə qazanan "Neftçi" çox uzağa gedə bilmədi. Kim bilir, bəlkə də "Şkendiya"nı səfərdə son dəqiqələrdə Cavid İmamverdiyev məyus edə bilsəydi, indi böhran yaşanmazdı. Məhz Makedoniyadan başı aşağı dönən komanda hava limanında azarkeşlərin təzyiqiylə üzləşdi. "Forza Neftçi" Vəli Qasımov istefa verməyənədək tribunalarda komandanı dəstəkləməyəcəyini söylədi. Komanda daxilində ab-hava da korlanıb. Düzdür, "ağ-qaralar" ilk turda Şüvəlanda AZAL-a qalib gəldi. Ancaq zaman göstərdi ki, bu qələbə təsadüfi rəqibin zəif olmasından qaynaqlanırmış. Belə ki, sonraki turlarda "Zirə" və "Qarabağ"a məğlubiyyət acı reallığı üzə çıxardı. Vəziyyət o həddə çatıb ki, Qasımov futbolçularını intizamsızlıqda, meydanda can qoymamaqda günahlandırır. Söhbətin Araz Abdullayev, Cavid İmamverdiyev və Rəhman Hacıyevdən getdiyi gün kimi aydındır. Hələ ki, yeni transfer də ümidləri doğrultmur. Krşevan Santini, Vançe Şıkov, Dario Melnyak, Edson Kastilya, Katalin Tira bu gün üçün "Neftçi"nin tələblərinə cavab verə bilmir. Denilsonun nəyə qadir olduğunu isə fasilədən sonra biləcəyik. Ancaq Qasımovun və komandasının potensialının heç medalçılar sırasına düşməyə imkan vermədiyini indidən söyləyə bilərik. "Neftçi" Avroliqaya vəsiqə qazana bilsə, papağını göyə atsın.

"KƏPƏZ"

Müşahidə Şurasıyla idarə olunan klublardan biri də "Kəpəz"dir. Avroliqanın ilk mərhələsində "Daçiya"nı mübarizədən kənarlaşdıran gəncəlilər "Admira Vakker"lə bacarmadı. Bunda maliyyə problemlərinin rolu az deyildi. Çünki hər nə qədər Müşahidə Şurasında imkanlı şəxslər yer alsa da, transferlərə və infrastrukturun qurulmasına yetərli maliyyə ayrılmır. Artıq baş məşqçi Şahin Diniyev də taleyi ilə barışıb. Yayda komandanı sırf maliyyə probleminə görə Juninyo, Tərlan Quliyev kimi futbolçular tərk etdi. Əsas itki isə "Qarabağ"ın geri qaytardığı Namiq Ələsgərov oldu. Hələ ki Nicat Qurbanov Ələsgərovun yoxluğunu unutdura bilmir. Heç Serjio da Juninyonu layiqincə əvəzləyə bilməyib. Yeni transferlərdən nisbətən Renanın faydalı iş əmsalı böyükdür. İlk turda "Dalğa Arena"da "Qəbələ"yə müqavimət göstərə bilməyən "Kəpəz" daha sonra AZAL və "İnter"lə heç-heçə edib. Diniyev sırf məşqçilik bacarığı sayəsində kasad heyətlə ortabab komanda formalaşdırıb. Transfer pəncərəsi bağlanana kimi, Elnur Cəfərovla münasibətlər rəsmiləşsə, bəlkə baş məşqçinin əl-qolu nisbətən açıla. Bu gün nə müdafiədə, nə yarımmüdafiədə, nə də hücumda rəqabət var. "Sarı-göylər"in ehtiyat oyunçular skamyasında elə futbolçu əyləşmir ki, meydana sonradan çıxıb, oyunun axarını dəyişə bilsin. Bax, problem bundadır. Rəhbərlik klubun qarşısına ciddi hədəf qoyubsa, buna uyğun şərait yaratmalıdır. Sözdə dəstəklə irəli getmək olmur, cənablar!

"ZİRƏ"

Baş məşqçi Adil Şükürov etiraf etməsə də, "Zirə"nin də büdcəsi nəzərəçarpacaq dərəcədə azaldılıb. Əks halda, Nelson Bonilya və Tato kimi aparıcı futbolçular klubu tərk etməzdi. Ötən mövsüm sürpriz şəkildə əldə edilən gümüş medalda məhz bu legionerlərin böyük əməyi olmuşdu. Lorenso Migel, Gerhard Proqni, Milan Duriç, Yasin Həmid yeni transferlərdir. Hələ ki yenilərdən özünü ən yaxşı tərəfdən göstərən Proqnidir. Zirəlilər ilk turda evdə gözlənilmədən "Sumqayıt"a məğlub oldu. Ancaq Şükürov komandasını toparlaya bildi. 2-ci turda "Neftçi"ni Vüqar Mustafayevin qoluyla üstələyən "ağ-göylər" son turda AZAL-a 3:1 hesabıyla qalib gəldi. Məhz bu qarşılaşmada Gerhard dubl etməklə diqqət mərkəzinə düşdü. Görək "Zirə" yaranmış fasilədən necə istifadə edəcək? Adil bəy mümkün qədər tez bir zamanda yeni futbolçuların komandaya və oyun sisteminə uyğunlaşdırmağa çalışmalıdır. Adaptasiya erkən yekunlaşsa, "Zirə" yenə iddialılar sırasında yer alacaq.

"SUMQAYIT"

Heyətində ciddi dəyişikliklər olan klublardan biri də "Sumqayıt"dır. Bir neçə futbolçusu "İnter"ə keçən "kimyaçılar", Fərhad Vəliyev, Rail Məlikov, Vaquf Güləliyev, Afşin İsmayılzadə, İbrahim Abednezhad, Nasır Abilayev, Kamran Abdullazadə, Mirabdulla Abassov və Məhəmməd Qurbanovu komandaya cəlb etdi. Yenə legioner transferlərinə "yox" deyən rəhbərlik Samir Abasov, qarşısında əvvəlki nəticədən daha uğurlu çıxış etmək hədəfi qoyub. Aydın məsələdir ki, mövcud imkanlar daxilində Avroliqaya vəsiqə qazanmaq müşkül məsələdir. "Sumqayıt" hələ iddialılarla rəqabət aparacaq səviyyəyə çatmayıb. Düzdür, gənclik şəhərinin təmsilçisi ilk turda Bakıda "Zirə"yə Vaqif Cavadovun möhtəşəm qoluyla qalib gəldi. İkinci turda evdə "Qarabağ"a uduzan sumqayıtlıların 3-cü turda “Qəbələ” ilə keçirilməli olan oyunu təxirə salındı. "Sumqayıt" üçün ən real hədəf 6-cı yeri tutmaq olar.

AZAL

Büdcəsi azala-azala gedən AZAL autsayderliyə namizəddir. Əslində mövsüm ərəfəsində "təyyarəçilər"in güclənəcəyi gözlənilirdi. Ancaq Nicat Qurbanov "Kəpəzə, Rail Məlikov "Sumqayıt"a keçəndə məlum oldu ki, "ağ-göylər" cari mövsümü də sadəcə, yola verəcək. Artıq doğma meydan üstünlüyü də qalmayıb. Ötən mövsüm Şüvəlanda heç bir rəqibinə boyun əyməyən AZAL cari mövsümün ilk turunda azarkeşləri önündə "Neftçi"dən 2 cavabsız qol buraxdı. İnsafən, bu oyunda Tərlan Əhmədovun komandasının vurduğu təmiz qolun hesaba alınmadığını da xatırlamağa dəyər. Daha sonra Gəncədən 1 xalla dönən AZAL Zirədə ikinci məğlubiyyətin acısını yaşadı. "Təyyarəçilər"in gücü əsasən "Xəzər Lənkəran" və "Rəvan"da çıxış etmiş futbolçuları transfer etməyə çatıb. Nisbətən diqqət çəkən keçidlər 1-ci divizionda bombardirlik keyfiyyəti nümayiş etdirmiş David Canelidze və təcrübəli futbolçu Ruslan Əmircanovdur. Ancaq çətin ki, Əhmədov sərəncamındakı heyətlə nəsə edə bilsin. Tərlan bəyin komandası sonuncu olmasa, bunun özü onlar üçün uğur sayıla bilər.

Anar

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər