CƏBRAYIL HƏSƏNOV: "BİRİNCİ DƏFƏ İDİ BELƏ HAQSIZLIQ GÖRÜRDÜM"

CƏBRAYIL HƏSƏNOV: "BİRİNCİ DƏFƏ İDİ BELƏ HAQSIZLIQ GÖRÜRDÜM"
Olimpiya, Rio-2016, Digər
20 Avqust 2016 - 08:11


Rio Olimpiadasında bürünc medal qazanmış güləşçimiz Cəbrayıl Həsənov (74 kq) görüş başa çatdıqdan sonra müsahibə verib. Supersport.Az saytının məlumatına görə, pəhləvanımız yarımfinaldakı məğlubiyyətini hakimlərin haqsızlığı ilə əlaqələndirib.

 

- İlk sualı belə verim. Olimpiadada bəxt önəmildir, ya şans?

- Bu, mənim ikinci Olimpiadamdı. Birincidə son saniyələrdə “bürünc” medalı əldən vermişdim. Bu dəfə bunu qazana bildim. Düşünürəm ki, burda gücdən də daha önəmli şans faktorudur. Hazır idim yarışa. Ancaq qismət belə oldu. Rusla güləşəndə hakimlər bir az haqsızlıq elədilər.

 

- Deyirsən ki, hakimlər tərəfindən sənən haqsızlıq olundu. Məğlubiyyəti bunun psixoloji nəticəsi ilə əsaslandırmaq olarmı?

- Əlbəttə. 4:0 öndə idim. Sonra 6:4 olmalı idi, ancaq 4:5 elədilər onun xeyrinə. Bir neçə dəfə rus güləşçi dayandı, istirahət elədi. Çox haqsızlıq elədilər. Mən birinci dəfə idi belə haqsızlıq görürdüm.

 

- Olimpiya Oyunlarının üçüncüsü olmaq da yaxşı nəticədir, ancaq təbii ki, hər bir idmançı daha yüksək nəticələrüçün mübarizə aparır. “Bürünc” uğrunda görüşdə yorğun deyildin? Sanki həvəssiz görünürdün...

- Rusa məğlub olandan sonra ruhdan düşmüşdüm, ancaq müəllimlər sağ olsunlar, hazırladılar, üçüncü yer üçün çıxartdılar. Şükür yenə bunu əldən vermədik. Londonda uduzanda üçüncü yer üçün xalçaya çıxmaq istəmirdim, Bakıya gələndən sonra düşündüm ki, kaş ki həvəslə çıxış edərdim.

 

- İlk görüşlərində o qədər inamlı qələbə qazanmışdın ki, artıq hər kəs sənin asanlıqla çempion olacağını düşünürdü. Rusla qarşılaşmada da öndə idin, sonradan itirdin üstünlüyü. Ümumiyyətlə, digər güləşçilərimizdən bir neçəsi də son saniyələrdə məğlub oldu. Bunun səbəbi nədədir? Fiziki hazırlıq, ya psixoloji hazırlıq?

- Fiziki zəiflik deməzdim. Sadəcə ola bilsin arxayınlıq yaranır. Mən 4:0 öndə olarkən düşünürdüm ki, 10:0 udacam. Hakimlər də təsir etdi, vaxt da dayandı tez-tez, bunlar hamısı təsir edən amillərdi.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

Digər xəbərlər