RİO-2016: İKİ GÜLƏŞÇİMİZİN RƏQİBİ BƏLLİ OLDU

RİO-2016: İKİ GÜLƏŞÇİMİZİN RƏQİBİ BƏLLİ OLDU
Olimpiya, Rio-2016, Digər
13 Avqust 2016 - 21:38



Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilir. Supersport.Az saytının məlumatına görə, sabah artıq Yunan-Roma güləşi üzrə görüşlər başlayacaq. Azərbaycan yığmasının iki üzvü də döşək üzərinə çıxacaq. Artıq pəhləvanlarımızın rəqibləri də bəllidir.

Belə ki, 59 kq çəki dərəcəsində çıxış edən Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. Rövşən bu rəqibini keçsə, 1/4 finalda Mahadi El Messaudi (Mərakeş)/Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq. Həmyerlimizin ilk mübarizəsi saat 17:15-də başlayacaq.

75 kq çəkidə yarışan Elvin Mürsəliyev isə lap əvvəldən, 1/16 finaldan etibarən mübarizə aparacaq. Onun rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olacaq. Güləşçimizin ilk görüşü saat 17:05-də start götürəcək.

Digər xəbərlər