QURBAN QURBANOV: "TƏNQİDƏ DÖZMƏSƏM, KARYERAMI BAŞA VURARAM" - VİDEO

QURBAN QURBANOV: "TƏNQİDƏ DÖZMƏSƏM, KARYERAMI BAŞA VURARAM" - VİDEO
Futbol, Video
08 Avqust 2016 - 08:01
"QÖTEBORQ" ARZUOLUNMAZ RƏQİBDİR"

Supersport.Az Premyer Liqanın ilk turunda "İnter"ə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis bildirib ki, rəqib qələbəyə layiq oyun nümayiş etdirib:

"Rəqibi təbrik edirəm. "İnter" çox yaxşı və intizamlı oynadı. Məğlubiyyəti normal qəbul edirəm. Futbolçular belə nəticələrə hazır olmalıdır. Təcrübəli komandayıq, belə oyunları unudub, növbəti görüşlərə köklənməliyik. Məğlubiyyəti konkret bir futbolçunun ayağına yazmaq lazım deyil. Biz bir komandayıq. Belədisə, o zaman qələbəni də fərdiləşdirməliyik. Namiq Ələsgərovun vəziyyəti yaxşıdır. Əvəzedici heyətlə bir hissə oynayıb. Çalışacağıq ki, gündən-günə formaya düşsün. Məğlubiyyətin süni örtükdən qaynaqlandığını iddia edə bilmərəm. Çünki hər iki komanda eyni şərtlər altında oynayır".

Qurban Qurbanov tənqidlərə normal münasibət göstərdiyini söyləyib:

"Daha öncə də tənqid olunmuşam. Bunu normal qəbul edirəm. Hər zaman tənqidə hazır olmalısan. Harda səhv etdiyimizi görürük. Tərif varsa, tənqid də olmalıdı. Amma tənqiddən tənqidə fərq var. Biri var, hər zaman tənqid edə, biri də var, məğlubiyyətini gözləyir ki, tənqidi yağdırsın. Hələ 44 yaşım var. İndidən tənqidə dözümsüzlük etsəm, gərək məşqçilik karyeramı erkən başa vurum. “Feysbuk”da hesabım yoxdu. Haqsız neqativ fikirləri çox oxumamağa çalışıram. Çünki istəmirəm ki, həmin jurnalistə sabah münasibətim dəyişsin. Etiraf edim ki, haqqımda 50 tənqidi yazı qələmə alınırsa, onun maksimum 10-unu oxuyuram. Amma tənqid jurnalistlərin işidi, ona görə də normal baxıram".

"Qarabağ"ın baş məşqçisi Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qöteborq" haqda da danışıb:

"Qöteborq" haqda az da olsa, məlumatımız var. Oyunlarına baxmışıq, heyətləriylə tanışıq. Qarşımızda bir həftə var ki, İsveç komandasını daha yaxşı tanıyaq. "Qöteborq"u keçmək olarmı? Keçilməyəsi rəqib yoxdur. Çalışacağıq ki, bu 2 vacib oyuna maksimum dərəcədə hazırlaşaq. İsveç klubu arzuolunmaz rəqibdir. Atletik oyun oynayır və standart vəziyyətlərdən yararlanmağı sevir. Mübarizəyə səfərdə başlamağı üstünlük saymıram. "Viktoriya" ilə ilk oyunu da səfərdə keçirmişdik. Amma bir faydası olmadı. "Qəbələ"nin də bizimlə birgə pley-off mərhələsində oynamasına sevinirəm. Bu, ölkə reytinqi üçün çox vacibdir. Komandanın çox yaxşı, istəkli baş məşqçisi var. Onlara da uğurlar arzulayıram. Çempionatın gedişində titula iddialılar ön plana çıxacaq. "Lester" nümunəsi göstərir ki, istənilən komanda ölkə çempionu ola bilər".

Digər xəbərlər