RAMİN MUSAYEV: "KLUBLARIN AZALMASI İŞİMİZİ AĞIRLAŞDIRACAQ"

RAMİN MUSAYEV: "KLUBLARIN AZALMASI İŞİMİZİ AĞIRLAŞDIRACAQ"
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
27 İyul 2016 - 10:00
"MÜTƏXƏSSİSLƏR DƏRİNDƏN FİKİRLƏŞİRLƏRSƏ, İDEYA VERSİNLƏR"

Azərbaycanın futbol çempionatını ən yaxşı şəkildə işıqlandırmaq məqsədilə layihəmiz davam edir.

Artıq Premyer Liqanın 2016/2017 mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak etdi.

İlk turda "Qəbələ" - "Kəpəz", "Qarabağ" - "İnter", "Zirə" - "Sumqayıt", AZAL - "Neftçi" oyunları baş tutacaq. Bu mövsüm 8 komanda 4 dövrədə mübarizə aparacaq.

Pushk01

pushk02pushk03

Püşkün ardından Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev futbolumuz, milli çempionatla bağlı maraqlı fikirlər səsləndirdi.

5 MİNƏ BİR AVTOBUS LEGİONER

ram03

PFL rəhbəri, bu mövsüm çempionatın daha gərgin keçəcəyini və oyunların canlı yayımlanması istiqamətində yüksək səviyyədə iş görüldüyünü diqqətə çatdırdı:

"Vaxtilə deyirdim ki, bizim çempionat digərlərindən heç də geri qalmır. Premyer Liqanın yayımlanmasında telekanaldan çox şey asılıdır. Məni günahlandırıb deyirdilər ki, Ramin müəllim öz keçirdiyi çempionatı tərifləyir. Mən həmişə bildirmişəm ki, çempionatın daha yaxşı yayıma ehtiyacı var. "CBC-Sport"dan əvvəl yayım edən kanalları pisləmirəm. Sadəcə, oyunları daha yaxşı təqdim etmək olar və biz ötən mövsüm bunun şahidi olduq. İnşAllah, avqustun 6-da çempionata start verəcəyik. Düşünürəm ki, çempionat daha maraqlı və gərgin olacaq. Ona görə baxımlı keçəcək ki, 8 komandanın ən azı 6-sı avrokuboka vəsiqə üçün mübarizə aparacaq. Bir yarışda mücadilə olursa, orda maraq da olur.
Fəaliyyət göstərdiyimiz 8 ildə bizim əsas iş prinsipimiz adımıza layiq çempionat təşkil etməkdir. Heç kim deyə bilməz ki, ədalətsizliyə yol vermişik.
Elə insanlar var ki, deyirlər saat 6-da oyun olarmı? Matçlar şənbə və bazar günlərinə salınacaq.
Sevindirici haldır ki, bu il avrokubokda oynayan komandalarımızın hamısı ilk mərhələni keçdilər. Bir vaxtlar, belə olanda bunu böyük bayram edirdik. Klub rəhbərlərimiz sağ olsun ki, artıq biz 2 mərhələ ilə də razılaşmırıq. Artıq azarkeşlər daha böyük nailiyyətlər gözləyirlər. Amma bəzən idmanda bəxt gətirmir. İlk mərhələdə o mənada bəxtimiz gətirdi ki, rəqiblərimiz bir o qədər də güclü deyildilər. Ancaq sonrakı püşkatmada bəxt bizdən üz döndərdi. “Qarabağ” və “Qəbələ”yə uğurlar arzulayıram. Çalışırıq ki, oyunlar canlı göstərilsin, amma bəzən bizdən asılı olmur”.

Çempionatda bəzi dəyişikliklərin olacağını deyən R.Musayev qeyd etdi ki, klubların xahişi nəzərə alınaraq, əcnəbi futbolçular üçün ödənilən məbləğ azaldılıb:

"Bu mövsüm bəzi dəyişikliklər də reallaşacaq. Məsələn, legionerlər üçün 5 min manat rüsum olacaq. Bu addım klublara kömək üçün atıldı. Bizi bəzən günahlandırdılar, hətta qınadılar ki, oyunçuların formalarında başqa əlifba ilə yazılır. Amma biz onların maddi vəziyyətini nəzərə alaraq, qərara gəldik ki, kimin nəyə imkanı varsa, ondan istifadə etsin. Sonra klublardan soruşduq. İndi isə belə qərara alındı ki, formaların arxasında futbolçuların adları öz əlifbamızla yazılmalıdır: bu, məcburidir".

"Vaxtilə 5-10 minə bir avtobus legioner gətirirdilər" söyləyən PFL rəhbəri, hazırda vəziyyətin müsbət istiqamətdə dəyişdiyini bildirdi:

"Ancaq hər şeyi nəzərə aldıqda, getdikcə görürük ki, klublarla fikirlərimiz üst-üstə düşür. Əvvəl də deyirdik ki, futbolçulara artıq pul verməyin. Bu, futbolçuların hamısına aid deyil. Amma çoxu gənc yaşlarında bizim ömrümüzdə qazana bilmədiyimiz pulu qazanır və düşünür ki, artıq onun üçün həyat bitdi, hər şeyə nail olub. Amma düşünmür ki, futbolçu karyerasını bitirəcək. Sonra AFFA-nın qapısına kömək üçün gəlirlər. Təəssüf ki, aldıqları pullardan başqa məqsədlər üçün istifadə edirlər və sonda oyunlarını itirirlər. Bu il daha çox yerli oyunçu qazanacağıq. Görəcəyik ki, doğrudan da, yerli futbolçuların sayı yetərincə var. Milli komandamızın baş məşqçisi futbolçu seçəndə əziyyət çəkir. Bizim əsas məqsədimiz milliyə futbolçu yetişdirməkdir. Vaxtilə legionerlərin 1 mövsümlük oynamaq hüququnu qazanmaq üçün 20 min manat rüsum tətbiq etmişdik. Bunu ona görə etmişdik ki, Azərbaycana səviyyəli legionerlər gəlsin".

"ONUN ADININ ALTINDA AFFA, PFL DEYİL, AZƏRBAYCAN YAZILMIŞDI"

Son vaxtlar futbolumuzda baş vermiş hadisələrə də münasibət bildirən Ramin Musayev, FİFA referisi Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının final matçını idarə etməsinə və iki futbolçumuzun Portuqaliyaya yollanmasını mühüm hadisə kimi qiymətləndirdi:

"Əliyar Ağayevin finalı idarə etməsinə çoxları sevindi. Onun adının altında AFFA və ya PFL deyil, Azərbaycan yazılmışdı. Bu, hakimlərlə görülən işin nəticəsidir. Bu gün heç bir klub deyə bilməz ki, hansısa hakim kimdənsə nəsə istəyib. Vacib məsələ odur ki, xaricdə hakimlərimizin hər biri oyunları çox gözəl idarə edirlər. Çünki orda sərbəstlikdir. Amma çempionat oyunlarında jurnalistlərin yazıları, kənardan səsləndirilən təhqiramiz sözlər onlara mane olur. İnsan zirvəyə qalxanda, sözsüz ki, səhvlərə yol verir. O səhvlər bilməyərək edəndə bağışlanır. Əliyara uğurlar arzulayıram.
Daha bir sevindirici məqam iki futbolcumuz - Elnur Cəfərov və Budaq Nəsirovun Portuqaliya Premyer Liqasında çıxış edəcəyi ilə bağlıdır. Bu gün təsdiq olundu ki, futbolçuya əziyyətindən çox pul verilməyəndə o, daha artığını etməyə çalışır.
Bütün bunlar Azərbaycan futbolunun inkişafda olduğunu göstərir. Əlbəttə ki, nöqsanlar da var və bunların aradan qalxması üçün çalışacağıq".

"DEYİRDİLƏR Kİ, PFL-İN PULU YOXDUR"

Əməkdaşımızın "İlk çempionatda 26 komanda iştirak etdiyi halda, indi sayın 8-ə enməsi geriləmə deyilmi" sualına PFL rəhbəri, belə cavab verdi:

"Çempionatda kəmiyyət yox, keyfiyyət önəmlidir. Keyfiyyətsiz oyun nümayiş etdirən 26, hətta 36 komanda olmaqdansa, keyfiyyətli 8 klubun olması daha yaxşıdır. Özünüz gördünüz ki, bu il komandalarımızın hamısı avrokubokda bir mərhələ keçdilər. Ötən çempionatda 10 klub iştirak edəndə də tənqid olunurduq, ancaq iki təmsilçimiz Avroliqada qrupa düşdü. İnşAllah bu mövsümün sonunda da səviyyənin artdığını, heç də uduzmadığımızı, peşman olmadığımızı görəcəksiniz".

Musayev qurumun maddi problemi olmadığını, çempionata əlavə sponsor axtarışına cəhd göstərilmədiyini bildirdi:

"Kubok üçün iş davam etsə də, hələ ki, bir şey yoxdur. Keçən il bəziləri deyirdilər ki, PFL-in pulu yoxdur, ona görə Antalyaya getmədi. Əslində isə maddi vəziyyət normal idi. Amma biz bildik ki, komandalar gəlməyəcəkdilər. Belə olan halda, hakimlərimizin ora getməsinin mənası yox idi. İndi isə hakimlərimiz Bolqarıstandadırlar, oyunlar idarə edirlər. Əgər qışda Antalyaya komandalar getsə, yenə hakimləri aparacağıq".

BİZİM MESSİ

Stadionlarda internetin olmaması və digər problemlərin aradan qaldırılması ilə bağlı danışan PFL rəhbəri, klubların qarşısına tələb qoyulduğunu söylədi:

"Bizi narahat edən "Kəpəz" stadionudur. Bu barədə klub rəhbərliyi ilə söhbətimiz olub. Nümayəndələrimiz Gəncəyə ezam olunacaqlar, yerində baxacaqlar. Stadionlarda texniki imkanlara baxılacaq. Hansı stadionda internet olmasa, cərimələnəcək. Bu, olmamağı həm sizə, həm də bizə hörmətsizlikdir".

R.Musayev hesab edir ki, azarkeşlər daha çox yerli futbolçulara maraq göstərməlidirlər:

"Çox acınacaqlı haldır ki, azarkeşlər stadionlara Ronaldinyo, Ronaldo, Messinin adı olan formada gəlirlər. Bir nəfərdə Rəşad Sadıqovun geyimi yoxdur. Axı, bizim Messi Rəşaddır".

1000 TOP

Pushkqara

Çempionatımızda yeni toplardan istifadə olunacağı haqda məlumat verən PFL prezidenti, çəkiləcək xərcin məbləğini açıqladı:

"Premyer Liqada "Adidas" firmasının "Beje" toplarından istifadə olunacaq. Bunu da gətirdik ki, klublara kömək olsun, hamısı eyni toplarla oynasın. Çempionatda oynanılacaq topla bağlı isə onu deyim ki, 1000 ədəd top sifariş vermişəm, 200-ü gəlib. Yol xərci ilə birlikdə 1 top üstümüzə 70 avroya düşür. Xaricdə satışda qiyməti 160 dollar və ya 140 avrodur. Klublar razıdırlar, hələ ki, bizdən yalnız "Sumqayıt" top alıb".
Topu gətirəndə deyirlər ki, Ramin Musayev qazanc əldə etmək istəyir. Formanı gətirsəm, görün, necə söz-söhbət olar?!"

"XALQ DÜŞMƏNİ OLUM?"

Ramin01

PFL prezidenti, "Çempionatda 8 komandanın olması oyunların sayını azaldacaq. Ağasəlim Mircavadov daxil olmaqla, mütəxəssislər matçların sayının çox olmasının futbolçu üçün vacib olduğunu bildirirlər" fikrinə belə münasibət bildirdi:

"Ağasəlim Mircavadov belə deyirsə, "Neftçi"də mənimlə birlikdə işləyəndə niyə əlavə oyun salmırdı? Bəziləri deyir ki, filan kubok yarışı keçirək, oyunların sayı artıq olmalıdır. Amma biz təqvimi yığmanın baş məşqçisinin proqramına əsasən tərtib edirik. Hamı milli komandanın marağına riayət etməlidir. Yığmanın oyunu var və baş məşqçi məndən təlim-məşq toplanışı üçün vaxt istəyir. Nə edim, o vaxtı verməyib, xalq düşməni olum? Mütəxəssislər elə dərindən fikirləşirlərsə, ideya versinlər də. Superkubokun keçirilməsini komandalarımız istəyirdilər. Onları yığıb, soruşdum ki, hazırsınızmı? Dedilər ki, mənim adım olmasın, bizə Superkubok lazımdır? Çempionat aprel ayında bitəcək. Mayda Qəbələdə yüksək səviyyəli turnir keçirəcəyik. Komandalar orda da 5 oyun keçirsələr, bəsdir".

PFL PREZİDENTİNİN KOMANDASI, BORCLU KLUBLAR

R.Musayev gələn mövsüm Azərbaycan Premyer Liqasında şəxsən özünün nəzarət edəcəyi bir komandanın iştirakının mümkün olduğunu qeyd etdi. Söhbət İmişlinin "Mil-Muğan” klubundan gedir.

"Mən "Mil-Muğan"ın prezidenti olmayacağam. Sadəcə, komandaya rəhbərlik edəcəyəm. Əlbəttə, klubda işlər qaydasında getsə, lisenziya ala bilsə, növbəti mövsümdən Premyer Liqada iştirak edə biləcək. İmişlidə futbol böyük maraq və diqqət var. Mən "Mil-Muğan"dan pul qazanmaq niyyətində deyiləm. Bu fikirdə olsam, vicdansız olaram. Lazımi maliyyə ilə necə komanda saxlamağın mümkün olduğunu hamıya göstərəcəyəm, bəzi klublara örnək üçün. “Mil-Muğan”ın baş məşqçisi vəzifəsinə isə Aqil Məmmədov gətiriləcək. Onu seçməyimin səbəbi təmiz insan və bacarıqlı məşqçi olmasıdır. Məqsədimiz milli komandaya futbolçu yetişdirmək olacaq. Hər komanda yığmamıza futbolçu versə, kifayət edir".
Bəzi klubların quruma borclu olduğunu deyən PFL prezidenti, "Qarabağ" və "İnter"in ən çox ödəmə etdiyini bildirdi. "Sumqayıt" ən az borcu olan komandadır.

"ÖZLƏRİ İSTƏMƏDİ, MƏN NƏ EDİM?"

PFL prezidenti I Divizion limitinin Premyer Liqaya uyğun olaraq təsdiqləndiyini, bu addımın birinci liqa klublarının elitaya hazır olması üçün atıldığını vurğuladı:

"Birinci divizionun startı sentyabrın 15-nə nəzərdə tutulub. Hazırda 12 komanda var. Çempionata o komandalar buraxılacaq ki, 200-250 min manat bank təminatı olsun. Bura gəlməmişdən əvvəl mənə "Şəmkir" klubundan zəng olundu. Bildirdilər ki, birinci divizionda iştirak edəcəklər. "Şuşa Qarabağ"ın iştirakı PFL-dən yox, maddi durumundan asılı olacaq. Bu komanda bank təminatı versə, böyük məmnuniyyətlə birinci liqaya buraxılacaq.
Dəfələrlə "Neftçala" rəhbərliyi ilə söhbət etdim, amma lisenziya ala bilmədilər, özləri almadı. Bu halda, mən nə edim? Vallah, mənə də xoş deyil ki, çempionatda 8 komanda olsun. Klubların sayının azalması işimizi yüngülləşdirməyəcək, əksinə ağırlaşdıracaq. Dediyim kimi, çətin və maraqlı çempionat olacaq. "Qızıl oyun"umuz keçirilməyəcək. Çünki dünyanın heç yerində yoxdur".

Anar CƏFƏRSOY

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər