MEDİA KOMİTƏSİ MİLLİ MƏTBUAT GÜNÜNDƏ QALİBLƏRİ MÜKAFATLANDIRDI

MEDİA KOMİTƏSİ MİLLİ MƏTBUAT GÜNÜNDƏ QALİBLƏRİ MÜKAFATLANDIRDI
Digər
23 İyul 2016 - 16:39
Supersport.Az-ın məlumatına görə, iyulun 22-də Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Bakı Olimpiya Stadionu və AFFA yanında Media Komitəsinin birgə təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirilib. Çox sayda qələm sahibinin qatıldığı tədbir arenanın Media İş Mərkəzində baş tutub.

Giriş sözü ilə AFFA-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu çıxış edib.

Daha sonra "Futbol+" qəzetinin baş redaktoru, Media Komitəsinin İdarə Heyətinin sədri Mahir Rüstəmli danışıb. O da tədbir iştirakçılarını salamlayıb, işlərində uğurlar arzulayıb.


Mərasimin ən maraqlı hissəsi isə Media Komitəsinin təsis etdiyi nominasiyalar üzrə təltifetmələr olub. 7 qalib müəyyənləşib ki, ilk olaraq Fəxri Diplom və pul mükafatı Şakir Yaqubova təqdim edilib. "Ənənələrə hörmət" nominasiyasında seçim məhz bu tanınmış qələm sahibi, sabiq idman jurnalistinin üzərində dayanıb. Mükafatı ona Mahir Rüstəmli təqdim edib.


Digər qaliblər isə bunlar olub: "İlin reportyoru" - Ruslan Mikayıllı (azerisport.com), "İlin köşə yazarı" - Elçin Cəlilov (futbolpress.az), "İlin fotoqrafı" - Qənbər Cəlilov (AFFA), "İlin şərhçisi" - Elnur Məmmədli (CBC Sport), "İlin mətbuat katibi" - Aslan Şahgəldiyev (PFL), "İlin idman yazarı" - Sərxan Musalı ("Futbol+" qəzeti).


Tədbirdə sonra söz Şakir Yaqubova və Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Soltanovaya verilib.


Rəsmi hissə bitdikdən sonra jurnalistlər yemək masası arxasına dəvət olunublar.

Digər xəbərlər