TÜRKİYƏ PREZİDENTİ ƏRDOĞANDAN YIĞMAYA DƏSTƏK: "BU, AYIB DEYİLMİ?"

TÜRKİYƏ PREZİDENTİ ƏRDOĞANDAN YIĞMAYA DƏSTƏK: "BU, AYIB DEYİLMİ?"
Futbol
20 İyun 2016 - 13:09
Supersport.Az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa çempionatında uğursuzluq zolağında olan milli komandasının müdafiəsinə qalxıb.

Tarabya Huber Köşkündə iftar süfrəsində Ərdoğan, sərt tənqid edilən, həmçinin təhqir olunan baş məşqçi Fatih Terim və kapitan Arda Turana dəstək verib, yığmaya qarşı insafsızlıq edildiyini bildirib:

"Ölkə prezidenti olaraq açıq və qəti şəkildə bildirim ki, buna çox təəssüflənirəm. Avropa çempionatında bəxtsizlik olduğunu düşünürəm. Fərqli yanaşmalar ola bilər. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Təəssüf ki, iki oyundur məğlubiyyətlər oldu. Tribunalardan bu günə qədər göylərə qaldırdığınız komanda kapitanımıza qarşı haqsızlığı heç bir şeylə izah edə bilmirəm. Bu övladımız, qardaşımız, milli komandada həmişə alqışlanıb, dünyanın ən güclü komandasına transfer olunub, ölkənin təbliğ olunması üçün işlər görüb.

Ağılagəlməz şəkildə bir anda "çıx get" deyirlər, fitə basırlar. Bu, ayıb deyilmi? İspaniya yığmasının üzvləri "Barselona"dakı yoldaşına sarılıb, qucaqlayır, "Atletiko"lu futbolçular təskinlik verir.

Bu günə kimi uğurlarına görə təriflədiyiniz baş məşqçinin, həmçinin qızının təhqir edilməsi qəbulolunmazdır. Bu, çox ciddi ədəbsizlik, tərbiyəsizlikdir. Bu millətin nə mədəniyyətində, nə əxlaq anlayışı, nə də ədəbində belə şey var.

Milli komanda son oyununa çıxacaq. Bəlkə də yol açılacaq, bəlkə bağlanacaq. Ancaq onların qarşısını kəsməyin.

Mən ölkə prezidenti olaraq bu məsələyə münasibət bildirməliyəm. Telekanallarda milli komanda təhqir olunur, hörmətsizlik edilir. Bu, nə qədər davam edəcək? Dayanın, insafınız olsun!

Mən buradan başda məşqçilər olmaqla bütün futbolcularımıza səslənirəm: əzminizi itirməyin, son saniyəyə qədər qətiyyətlə mübarizə aparın. Siz, oradan uğurla qayıtsanız da, qayıtmasanız da bizim Milli Komandamızsınız. Final mərhələsinə kimi getdiniz, sizə təbriklərimi çatdırıram".

 

Digər xəbərlər