GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏN DOPİNQ AÇIQLAMASI

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏN DOPİNQ AÇIQLAMASI
Digər, Ağır Atletika
13 İyun 2016 - 14:18
Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı Gənclər və idman nazirliyi açıqlama yayıb. Supersport.Az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:

"Əfsuslar olsun ki, 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan,Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam – hər biri 8 və Dadaşbəyli Dadaş- 4 il)  dopinqə düşərək, diskvalifikasiya olunublar. Gənclər və idman nazirliyi daim dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi olaraq maarifləndirən bir qurum olaraq bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır.  Bununla yaynaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir.

Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə  cinayət işinin açılması maddəsi də öz əksini tapacaq. Qeyd edək ki, dopinqlə mübarizə məqsədi ilə, 10 ildən artıqdır ki, Gənclər və idman nazirliyinin nəzdində  dopinqlə mübarizə şöbəsi yaradılmışdır.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, nazirlik MDB ölkələri arasında  idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən  ölkələr arasında ilk üçlükdədir.

Ölkəmizdə keçirilən ilk  Avropa oyunları zamanı nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan  keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarmışdır.

Lakin, bir daha vurğulamaq yerinə düşər ki,  idmançıların təlim məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir.

Diqqətə çatdırmaq istərdim ki, biz, nazirlik olaraq öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə  maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək.

Sonda bildirmək istərdik ki, Beynəlxalq Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiyaya verərək, öz hüquqlarını müdafiə etmək imkanı var və Gənclər və idman nazirliyi Ağırlıq Qaldırma Federasiya ilə bir bu istiqamətdə işlər aparır".

Digər xəbərlər