AFFA PREZİDENTİ: "PULLAR HAVAYA SOVRULUR"

AFFA PREZİDENTİ: "PULLAR HAVAYA SOVRULUR"
Futbol
13 İyun 2016 - 12:21



KİMDİR ERMӘNİLӘRIN SÖZÜNӘ QULAQ ASAN? 


Supersport.Az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib.


- İclasda nələr müzakirə edildi?



- İclas başa çatdı və əsas müzakirəmiz Premyer Liqada neçə komandanın iştirak edəcəyi məsələsi idi. I divizionda çıxış edən klublardan heç biri lisenziya ala bilmədi. Ona görə də qərara gəldik ki, çempionat 8 komandanın iştirakı ilə keçirlisin. “Rəvan” və “Xəzər Lənkəran”ın borcları çox idi. Ona görə də onlara lisenziya verilmədi. Bu mövsüm müvəqqəti olaraq 8 komanda iştirak edəcək. Gələn mövsüm üçün 4 komandanın hazır olması barədə baş katibliyə tapşırıq vermişəm. Növbəti mövsüm 10 və ya 12 komandanın iştirakı ilə çempionat keçiriləcək. Bundan əlavə, legionerlərin rüsumunu da azaltdıq. Artıq rüsum 5 min manatdır. Milli komandasının şərəfini qoruyan legionerlər isə çempionatda pulsuz oynayacaq. Bu qərarı ona görə qəbul etdik ki, klublar daha səviyyəli legionerlə gətirsinlər. Həmçinin PFL-in cərimələri 20 faiz azaldıldı. Bu qərarla klublara dəstək verdik.


- Növbəti mövsüm 10 komanda olacaq, yoxsa 12?


- 10 və 12 komandanın olacağı dəqiqdir. Bölgələrdə olan klublarımızın lisenziya almaları üçün lazımi işlər görüləcək. Artıq “Zaqatala” klubu ictimailəşib. “Mil-Muğan” da yaxşı səviyyədədir. Tapşırmışam ki, bu klublara diqqət ayırsınlar. Onların gələn mövsümə hazır olmalarını tapşırmışam. İstəyirik ki, regionda böyük klublar yaradaq.


- İş adamları artıq futbola həvəs göstərmirlər...


- Hazırda şirkətlərin maliyyə durumu zəifləyib. Bu da Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsilə əlaqədardır. Bu da öz təsirini göstərdi. Biz buna görə klublara güzəşt etdik. Klublara proqram şəklində dəstək göstərəcəyik. Son illər də “Turan Tovuz” və “Şəmkir” klublarına maddi dəstəklər olunsa da, orada bir futbolçu da yetişməyib. Açıq deyirəm. Pullar havaya sovrulur. Buna görə də, proqram şəklində klublara yardım ediləcək ki, futbolçu yetişdirə bilsinlər. Qarşılarına şərtlər qoyulacaq. Bu dəstəklər AFFA-nın hesabına olacaq.



- Ermənilər SOCAR-ın AÇ-2016-ya sponsorluq etməsinə etiraz edib.


- Kimdir ermәnilәrin sözünә qulaq asan? Biz bunu asanlıqla qazanmadıq. SOCAR böyük bir çempionatın sponsorudur. Bu tәkcә sosial layihә deyil. Hәm dә kommersiya xarakterlidir. Çünki bu layihә sayәsindә bizim Gürcüstanda 35 faiz, Rumıniyada 30 faiz, İsveçrәdә 15 faiz gәlirimizi artırıb. Kimin ağlına gәlәrdi ki, bu cür ölkәlәrdәSOCAR belә uğura imza atar. Bu bizә әlavә gәlir gәtirir.

Digər xəbərlər