"FORMULA-1": ƏYLƏNCƏ PROQRAMI AÇIQLANDI

"FORMULA-1": ƏYLƏNCƏ PROQRAMI AÇIQLANDI
Digər, Formula-1
10 İyun 2016 - 18:43
 İyunun 17-dən 19-dək Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin əyləncə proqramı açıqlanıb. Bakı Şəhər Halqasından Supersport.Az saytına verilən məlumata görə, bütün qonaqlarını həftəsonunda bənzərsiz əyləncə proqramı gözləyir. Bundan yalnız bilet sahibləri yararlana biləcəklər. Əyləncə proqramı isə iyunun 16-dan başlayacaq və 4 gün davam edəcək.



Belə ki, həmin gün saat 14:00-da “Azneft” meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Bulvar boyu uzanan əyləncə zonaları fəaliyyətə başlayacaq. Bakı Şəhər Halqası isə 17-19 iyun tarixləri arası, yəni cümə günündən bazar gününədək saat 10:00-dan etibarən ictimaiyyətə açıq olacaq.

Avtoqraf sessiyaları və Pit Yolu Gəzintisi

İyunun 16-a “Ferrari”, “Mercedes”, “Red Bull” və “Toro Rosso” kimi “Formula-1” komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçiriləcək. “Formula-1” Şəhərciyinin Səhnəsində təşkil olunacaq bu avtoqraf sessiyaları saat 16:50-də başlayacaq. Qran-pri həftəsonunun hər bir günündə müxtəlif komandalar Şəhərciyinə baş çəkəcək. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür. Avtoqraf sessiyalarının dəqiq vaxtları ilə bağlı məlumatı Bakı Şəhər Halqasının rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Həmin gün istənilən tribunaya bileti olan azarkeşlər üçün təşkil olunacaq Pit Yolu Gəzintisi zamanı “Formula-1” aləminə daha da yaxınlaşmaq mümkün olacaq. Saat 18:30-dan 20:30-dək davam edəcək gəzinti zamanı qonaqlar bütün Pit Yolunu keçərək komandaların yarışa hazırlığına şahidlik edəcək və pit-stop əməliyyatlarını öz gözləri ilə görə biləcəklər. Pit Yolu Gəzintisi üçün giriş “Formula-1” Şəhərciyində Abşeron tribunasının yanında olacaq.

Musiqi

Dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams həftəsonu təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq. İyunun 17-də, axşam saatlarında Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə “Formula-1” azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Şənbə günü estafeti qəbul edəcək İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən “Formula-1” Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

İyunun 19-da yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə Qran-priyə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. Yarışda sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən “Formula-1” tədbiri yekunlaşacaq.

Bundan əlavə, “Formula-1” bilet sahiblərini DJ Mansur, DJ Hazy, Roberto Kel Torres, Rilaya, Dilarə Kazımova, Kənan Qədimov, Çingiz Mustafayev və “Rast” qrupunun iştirakı ilə əyləncəli konsert proqramları da gözləyir.

Mədəniyyət

Həftəsonunda hər bir qonaq yalnız “Formula-1” ilə deyil, yerli mədəniyyət ilə də tanış olmaq imkanı əldə edəcək. Belə ki, iyunun 17-dən etibarən Azərbaycan Mədəniyyəti Guşəsi fəaliyyətə başlayacaq və burada qonaqlar Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri ilə, o cümlədən xalçaçılıq, şüşə üzərində naqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinin hazırlanması, araqçın və çarıq hazırlanması, naxış tikmə və kəlağayı boyama ilə tanış ola biləcək. Burada, həmçinin milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını da dadmaq mümkün olacaq.

İyunun 16-19-da bilet sahibləri Bulvarda quraşdırılmış xüsusi qalereyada “Formula-1” tarixi ilə tanış ola biləcək. Qran-pri Qalereyası yarışların 60 ildən çox tarixini əks etdirən 100 möhtəşəm şəkli özündə birləşdirəcək.

Uşaq Əyləncəsi

Balaca qonaqlar üçün xüsusi kiçik sürücülük məktəbi təşkil ediləcək. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcək. Onlar həm də xüsusi uşaq kartinqində bir-biri ilə yarışa biləcəklər.

Azarkeş məşğuliyyəti və canlı istedad şousu

Qran-prinin hər bir qonağı yarış simulyatorlarında gücünü sınayaraq, özünü əsl “Formula-1” pilotu kimi hiss edə biləcək. Bundan əlavə, fəal istirahəti sevənlər hava turbini, dırmanma divarı və batut kimi attraksionlarda əylənə biləcək, eyni zamanda, burada peşəkar idmançıların məharətli çıxışlarını izləyə biləcəklər.

Yarış günləri ərzində əyləncə məkanlarında “Güzgü Adamlar”, “Spandy Andy”, “Ağacayaq”, “Titan Robot” kimi müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə rəng qatacaq. Küçə rəssamları isə tamaşaçıları asfalt üzərində çəkdikləri üçölçülü illüziya incəsənət nümunələri ilə heyrətləndirəcək.

Ekstremal idman növləri sevənlər üçün də bir neçə sürpriz nəzərdə tutulub. Təcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr göstərəcəklər. Bundan əlavə, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular, birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.

Bakıda keçiriləcək yarış bir daha sübut edəcək ki, “Formula-1” sadəcə yarış deyil, eyni zamanda, bir həyat tərzi, bütün ailə üçün parlaq və unudulmaz istirahət deməkdi.

Avropa Qran-prisinin zəngin əyləncə proqramı haqqında danışarkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bildirib ki, hər bir qonaq üçün unikal və görünməmiş əyləncəli istirahət proqramı hazırlayıblar: “Bu səbəbdən onların bir dəqiqə belə darıxmağa imkanı olmayacaq. Əminəm ki, “Formula-1” Avropa Qran-prisi və GP2 dəstək yürüşləri ilə yanaşı, Xəzər dənizi sahilindəki göz oxşayan Dənizkənarı Parkda təşkil edilmiş fərqli əyləncələr yarışların hər bir pərəstişkarında xoş təəssüratlar oyadacaq. Şübhəsiz, bu, avtomobil idmanı bayramını unudulmaz edəcək”.

Digər xəbərlər