"QƏBƏLƏ"NİN HAZIRLIQ PLANI MƏLUM OLDU

"QƏBƏLƏ"NİN HAZIRLIQ PLANI MƏLUM OLDU
Futbol
07 İyun 2016 - 21:40
Supersport.Az-ın məlumatına görə, "Qəbələ"nin yay hazırlıq planı müəyyənləşib.

Premyer Liqanın 2015-2016-cı illər mövsümündən sonra istirahətə buraxılan "qırmızı-qaralar" iyunun 10-da bir araya gələcək. Komanda 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini keçirmək üçün Bakıda toplaşacaq. "Qəbələ" iyunun 15-dək paytaxtda toplanışda olacaq. Roman Qriqorçukun komandası bu müddətdə məşqlərini “Bakı” Futbol Klubunun bazasında gerçəkləşdirəcək.

Hazırlıq prosesinin 2-ci mərhələsini ölkə xaricində keçirəcək "qırmızı-qaralar" təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Komanda iyunun 16-dan 26-dək Tbilisidə hazırlıq keçəcək. "Qəbələ" qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardan ikisindəki sınaqçı rəqiblər artıq bəllidir. "Qırmızı-qaralar" ayın 18-də Qorinin "Dila" kollektivi ilə qarşılaşacaq. 1949-cu ildə yaradılan bu komanda başa çatan mövsümdə Gürcüstan çempionatının bürünc mükafatını qazanıb. Bununla da UEFA Avropa Liqasına vəsiqə qazanan Qori təmsilçisi ölkə kubokunda da yarımfinala qədər irəliləyib. "Dila" 67 illik tarixində Gürcüstan çempionluğu (2014/2015) və ölkə kubokunun qalibi (2011/2012) titullarını qazanıb. Bu matçdan 4 gün sonra – iyunun 22-də "Qəbələ" Bolnisinin "Sioni" klubu ilə üz-üzə gələcək. Gürcüstan kubokunun finalında Tbilisi "Dinamo"suna 0:1 hesabı ilə uduzan Bolnisi təmsilçisi avrokuboklara vəsiqəni əldən verib. "Sioni" ötən mövsümü 5-ci pillədə başa vurub. 1936-cı ildə yaradılan klubun 80 illik tarixində Gürcüstan çempionu (2005/2006), ölkə kubokunun (2003) və Superkubokunun (2006) qalibi titulları var.

Hazırlıq prosesinin son günündə - iyunun 26-da daha bir matça çıxacaq "Qəbələ" mümkün variantlar arasında seçim edəcək.

Digər xəbərlər