FATİH TERİM: "NƏYƏ GÖRƏ TÜRKİYƏ FİNALA ÇIXMAMALIDIR?"

FATİH TERİM: "NƏYƏ GÖRƏ TÜRKİYƏ FİNALA ÇIXMAMALIDIR?"
Futbol
07 İyun 2016 - 10:46
"İSPANİYA VƏ ALMANİYA FAVORİTDİR"

Supersport.Az-ın məlumatına görə, Fransada keçiriləcək Avropa çempionatı ərəfəsində Türkiyə yığmasının baş məşqçisi Fatih Terim iddialı danışıb.

62 yaşlı mütəxəssis İspaniya mətbuatına açıqlamasında yarışın qalibi olmaq istədiklərini bildirib:

"Komandamız təcrübəli və gənc futbolçulardan təşkil olunub. Final mərhələsinə gəldiyimiz yol çox ağır oldu, son anda bu arzumuzu reallaşdıra bildik. İndi mürəkkəb qrupdayıq. Buna baxmayaraq, iddialıyıq. İlk növbədə qrup səddini keçməliyik. Biz əvvəlki çempionatda yarımfinalda oynamışdıq. Nəyə görə Fransada finala çıxmamalıyıq? Futbolçularımız xarakter nümayiş etdirirlər. Son saniyəyə qədər kollektiv, mübariz oyun göstərməliyik. Məqsəd Vətənə zəfərlə qayıtmaqdır".

Üçqat Avropa çempionu İspaniya və Almaniyanın qitə yarışının favoriti hesab edən "İmperator", Fransanın ev sahibi olduğunu qabardaraq, "təhlükəli komanda" adlandırıb.

F.Terim gələcək taleyi haqda verilən suala cavab verməyib:

"Mən indi bu haqda danışa bilmərəm. Milli komanda ilə uzunmüddətli müqaviləm var. Türkiyə yığmasında özümü xoşbəxt hiss edirəm" (marca.com).

Qeyd edək ki, Avropa çempionatının "D" qrupunda mübarizə aparacaq Türkiyə yığması iyunun 12-də Xorvatiya, 17-də İspaniya, 21-də isə Çexiya seçmə komandasıyla qarşılaşacaq.

Digər xəbərlər