"İNTER" GERİ ÇƏKİLDİ, "NEFTÇİ" AVROLİQAYA GEDƏCƏK

"İNTER" GERİ ÇƏKİLDİ, "NEFTÇİ" AVROLİQAYA GEDƏCƏK
Futbol
01 İyun 2016 - 21:33
Bakı "İnter"i bu mövsüm avrokuboklarda oynamaq istəyindən geri çəkilib.

Supersport.Az-ın məlumatına görə, klub bununla bağlı bəyanat yayıb. “İnter”in rəsmi saytında yer alan açıqlamanı olduğu kimi təqdim edirik:

“30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazandığı birinci mövsümdə  iştirak hüququndan məhrum etmişdi. İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan “İnter”PİK və onun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 11 aprel 2016-cı il tarixdə CAS-a müraciət etmiş və bu qərara yenidən baxılmasını xahiş etmişdi. “İnter”PİK-in işlə bağlı zəruri sənədlər toplusunu qəbul etmiş CAS qarşı tərəfə (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirmək üçün vaxt vermişdir.

Ötən müddət ərzində UEFA işlə bağlı mövqeyinin əks olunduğu sənədləri CAS-a və bir nüsxəsini “İnter”PİK-ə ünvanlamışdır. “İnter”PİK-in rəhbərliyi UEFA-nın sənədləri ilə tanış olmuş və CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarının CAS tərəfindən ləğv edilməsi ehtimalının çox az olması qənaətinə gələrək və klubun maliyyə vəsaitinin qorunmasını təmin etmək məqsədi ilə şikayətini geri çağırmaq barədə qərar qəbul etmişdir. Həmçinin, “İnter”PİK-in cari mövsümdə Avropa Liqası zonasına düşməsi və UEFA-nın cəzasının bu il çəkilməsi CAS-a şikayətin geri götürülməsini şərtləndirən səbəblərdən biri olmuşdur”.

Qeyd edək ki, bununla da cari mövsüm Avroliqada Azərbaycanı təmsil edəcək dördüncü klubun “Neftçi” olması rəsmiləşib.

 

Digər xəbərlər