"FORMULA 1" ÜÇÜN GERİSAYIM BAŞLADI - FOTO

"FORMULA 1" ÜÇÜN GERİSAYIM BAŞLADI - FOTO
Digər, Formula-1
31 May 2016 - 21:44


Bu il Formula 1 üzrə Bakıda keçiriləcək Avropa Qran Prisinə bir aydan az vaxt qaldığı ərəfədə Bakıda Yusif Səfərov küçəsi boyunca yerləşən Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb.

Bakı Şəhər Halqasından Supersport.Az-a verilən məlumata görə, modern üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına və sakinlərinə Formula 1-in bu ilki mövsümünün 8-ci yarışı olan Avropa Qran Prisinin başlamasına qalan vaxtı göstərir.

Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışına diqqəti cəlb etməklə yanaşı bu yarışa marağın artmasına kömək edəcək.

Əməliyyat şirkəti hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yarışın keçirilməsi üçün gərəkli olan bütün hazırlıq işlərini iyunun 16-dək tam başa vurmaq əzmindədir.

Artıq Paddok ərazisində yerləşən Pit binasının, Beynəlxalq Avtomobil Federasiyası, Formula 1 rəhbərliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, komandalar və yarışla əlaqədar digər iştirakçıların ofislərinin tikintisi başa çatıb. Hazırda bu tikililərdə texniki avadanlıqlar quraşdırılmaqdadır. Paddok ərazisində görülən bütün hazırlıq tədbirlərinin iyunun 6-dək yekunlaşdırılaraq əlaqədar tərəfdaşlara təhvil verilməsi nəzərdə tutulub.

Bakı Şəhər Halqasının asfalt örtüyü yarış üçün hazır vəziyyətə gətirilib. Trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılması ilə əlaqədar işlərin 95%-i artıq başa çatıb. Şəhər sakinlərinin fasiləsiz hərəkətinə mane olmamaq üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerləri yarışa ən yaxın günlərdə quraşdırılacaq. Belə ki, 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsiz baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək.


Digər xəbərlər