VELOSİPEDÇİMİZ KİYEVDƏ QƏZAYA UĞRADI

VELOSİPEDÇİMİZ KİYEVDƏ QƏZAYA UĞRADI
Digər, Velosiped
29 May 2016 - 00:07
Bu gün Ukraynanın paytaxtı Kiyevdə keçirilən birgünlük "Horizon Park Race Maidan" yarışının liderlər qrupunda güclü yağış səbəbindən toqquşmalar və yıxılmalar baş verib. Supersport.Az xəbər verir ki, nəticədə bir neçə velosipedçi ağır zədələnib.

"Synergy Baku"nun üzvləri Elçin Əsədov və Ənvər Asanov da toqquşma zamanı yüngül xəsarət alıb. Belədə, təşkilatçılar yarışı dayandırmaq məcburiyyətində qalıblar. Təxminən yarım saatlıq fasilədən sonra məsafəni qısaltmaq şərtilə yarışa yenidən start verilməsi qərara alınsa da, təşkilatçılar tərəfindən təcili tibbi yardım maşınlarının vaxtında təmin olunmaması səbəbindən UCİ komissarı yarışın təxirə salınması qərarını verib.

Qeyd edək ki, "Horizon Park" yürüşləri çərçivəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yarışlar silsiləsinin ilk günündə "Synergy Baku" kontinental komandasının üzvü Samir Cəbrayılov 3-cü yeri tutub. Sabah bu silsilə çərçivəsində sonuncu yarış - "Horizon Park Classic" turu keçiriləcək.

Digər xəbərlər