HEYDƏR ƏLİYEV KUBOKUNU "NEFTÇALA" QAZANDI

HEYDƏR ƏLİYEV KUBOKUNU "NEFTÇALA" QAZANDI
Futbol
28 May 2016 - 22:35
Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turniri başa çatıb.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının və Azərbaycan Peşəkar Futbol Liqası birgə keçirdikləri turnirdə 4 komanda mübarizə aparıb.

Azərbaycan I divizionunun qalibi “Neftçala”, həmçinin bu liqada çıxış edən MOİK, “Şərurspor” və Naxçıvanın “Araz-Naxçıvan” komandaları turnirdə birinclik uğrunda meydana çıxıblar. Mayın ayının 25-də keçirilən ilk görüşlərdə meydana “Araz-Naxçıvan” və “Neftçala” komandaları çıxıb. Görüş Neftçala təmsilçisinin 3:0 hesbalı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə “Şərurspor” və MOİK komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən MOİK futbolçuları (1:3-pen) finala yüksəliblər. Mayın 27-də keçirilən üçüncülük oyununda “Araz-Naxçıvan” “Şərurspor”la üz-üzə gəlib. Hesabda 2:0 öndə olmasına baxmayaraq, “qırmızı-ağlar” bu üstünlüklərini sonadək qoruya bilməyiblər. Oyunda “status-kvo”nu bərpa edən “Şərurspor” penalti zərbələrini daha dəqiq yerinə yetirərək (3:4) turnirin bürünc medalını qazanıb. Final görüşündə isə MOİK və “Neftçala” qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Bu qələbə nəticəsində turnirin qalibi adını “Neftçala” qazanıb.

Turnirin ən məhsuldar futbolçusu isə qalib komandanın hücumçusu Məhəmməd Alıyev olub. “Ən yaxşı futbolçu” nominasiyasında isə “Araz-Naxçıvan”ın müdafiəçisi Vüsal Abdullayev fərqlənib. Sonda qalib komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.

Digər xəbərlər