TİTULLU YUBİLYAR

TİTULLU YUBİLYAR
Futbol
27 May 2016 - 23:54
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl bu həftə ardıcıl 2 gün təbrikləri qəbul etdi. Mayın 24-də ad günü, 40 illik yubileyi idisə, ertəsi Azərbaycan kubokunu qazandıqları, ardıcıl 2-ci il mövsüm “qızıl dubl”la başa vurduqları gün idi. Əmrah bəy üçün yubileyinə bundan gözəl hədiyyə ola bilməzdi. Necə deyərlər, bayram bayrama qarışdı, sevincli anlar davam etdi.

Çəlikəl Azərbaycan futboluna ən titullu klub rəsmilərindəndir. Artıq 12 ildir futbol təsərrüfatımızda olaraq Ağdam təmsilçisinin əsas rəhbər şəxslərindəndir. Əmrah 2004-cü ildə kluba gələndə “Qarabağ-Azərsun” yenidən “Qarabağ” adlanmağa başladı. Komanda 3 çempionluqdan son 2-ni (2015, 2016) və 5 kubokda 4-nü (2006, 2009, 2015, 2016) məhz bu müddətdə qazanıb. Ancaq bu 6 tutuldan başqa 1 gümüş, 3 bürünc medal olub. “Qarabağ” Avropa Liqasında uğurlar, ardıcıl 3 mövsüm (2014, 2015) qrupa düşməsi də titula bərabər nailiyyətdir.


Bəli, Əmrah bəy Azərbaycan futboluna gələndə çox gənc idi, heç 30 yaşı tamam olmamışdı. Artıq 40-ı arxada qoyan Çəlikəl növbəti yubileyinə aktivinə növbəti medal yazdırmaqla arxada qoydu. İndi qalır çempionluqdan da yüksək sayılan uğura qovuşmaq ki, bu da Çempionlar Liqasımnda qrupa düşən ilk Azərbaycan komandası olmaqdır. Avropanın ən nüfuzlu klub turnirində qrupunda təmsil olunmağımız isə bütün futbolsevərlər neçə vaxtdır səbirsizliklə gözləyirlər.

Buna nail olaq ümidi ilə bir daha təbriklər, Əmrah bəy!

Mehman Süleymanov

Digər xəbərlər