"QƏBƏLƏ" 3 FUTBOLÇUNU YOLA SALDI

"QƏBƏLƏ" 3 FUTBOLÇUNU YOLA SALDI
Futbol
25 May 2016 - 01:46
"Qəbələ" iki futbolçu ilə - Samir Zərgərov və Arif Daşdəmirovla yollarını ayırıb. 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Daşdəmirov komandamızın heyətində 46 oyun keçirib. 1 qol vuran cinah müdafiəçisi Premyer Liqada 30, UEFA Avropa Liqasında 14, Azərbaycan kubokunda 2 oyuna çıxıb. Yeganə qolunu ölkə çempionatında vuran 29 yaşlı arxa xətt oyunçusu "Qəbələ" ilə Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2009-2010 mövsümündə də “qırmızı-qara” forma geyinən Arif komandamızda ümumilikdə 64 oyun keçirib, 1 qol vurub.

2015-2016-cı illər mövsümündən əvvəl heyətə qatılan Zərgərov "Qəbələ"də keçirdiyi 38 matçda 3 dəfə qol sevinci yaşayıb. 29 yaşlı yarımmüdafiəçi 3 qol vurduğu Premyer Liqada 26 matç keçirib. Ölkə kubokunda 3, avrokuboklarda 9 matçın iştirakçısı olan Samir komandamızla Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2006-09-cu illərdə də “Qəbələ”də çıxış edən Zərgərov, ümumilikdə 122 matçda geyindiyi “qırmızı-qara” forma ilə 13 qola imza atıb.

"Qəbələ" bundan əvvəl hücumçu Ermin Zetslə vidalaşmışdı. 2015-ci ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb. Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə komanda ilə Premyer Liqanın bürünc mükafatçısı olub. 28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.

Digər xəbərlər