HƏBSXANADA FUTBOL

HƏBSXANADA FUTBOL
Futbol
20 May 2016 - 15:49
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 17 may 2016-cı il tarixdə Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində mini-futbol üzrə turnirin final oyunu keçirilib.

AFFA hakimi Vasif Əliyevin idarə etdiyi final oyununda "Şahin" - "Muğan" qarşılaşmasında əsas vaxt 2-2 hesabı ilə başa çatıb. Yeddi metrlik zərbələrlə Şahin komandası 3-2 hesabı ilə (yekun hesab 5-4) qalib gəlib.

Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları Salman Əbdülov, Tahir Tahirov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov, 10 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüsal Mahmudov iştirak ediblər.

Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb, turnir iştirakçılarına uğurlar diləyiblər.

Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuş, Cəzaçəkmə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilib.

Digər xəbərlər